Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

Bu gün üzr istəmək sırası strateji müttəfiqimiz olan Rusiyadadır

Bu gün dünya mediasının manşet xəbəri Azərbaycan təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasınım səbəbləri ilə bağlıdır. Dünyada indiyə qədər yüzlərlə təyyarə qəzaya uğrayıb. Hətta prezident təyyarə və helikopterləri belə qəzalar keçirib. Amma onların heç biri dünya mediasını bu qədər məşğul etməyib. 

Bu qəza digərlərindən onunla fərqlənir ki, qəza anını əks etdirən görüntülər və qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinləri var. Demək olar ki, artıq "qara qutu"nun oxunmasına da o qədər ehtiyac yoxdur. Artıq dünya ictimaiyyətinə hər şey aydındır.

"Euronews" bildirir ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına məhz Rusiyanın "yer-hava" raketi səbəb olub. Mənbələrin məlumatına görə, raket Qroznı səmasında pilotsuz uçan aparatların olduğu zaman 8432 nömrəli reysə atılıb.

"Raket uçuş zamanı təyyarənin yaxınlığında partlayıb və onun parçaları sərnişinlərə və ekipaj üzvlərinə dəyib", - deyə mənbələr bildirir.

Həmçinin bildirilir ki, təyyarənin GPS naviqasiya sistemləri dəniz üzərindən bütün marşrut boyunca çalışmayıb.

Caliber.az redaksiyasının etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə isə, ilkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.

Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

Lakin ekipajın əvvəl Qroznı, sonra isə Rostov, Miniralniye Vodı və Mahaçqala aeraportları ilə əlaqə saxlaması, onlardan təyyarəni oturtmaq üçün kömək istəməsi onu göstərir ki, təyyarənin rabitə sistemi qısa müddətdə pisləşib və elə Qroznı hava limanının dispetçeri ilə əlaqə zamanı yenidən bərpa olunub. Çünki Teleqram kanallarında dərc edilən ekipaj-dispetçer əlaqəsinin sonunda pilota tapşırıq verilir ki, Rostov aeroportu ilə əlaqə saxlasın.

Sosial şəbəkələrin Azərbaycan seqmentində belə iddialar var ki, təyyarə qəsdən vurulub. Məntiq isə göstərir ki, təyyarə təsadüfən HHM sistemlərinin mərmilərinə tuş gəlib. Məqsəd təyyarəni vurmaq olsa idi, iki mərmi təyyarəyə dəymədiyi halda, 3-cü, 5-ci mərmi buraxilardi və hədəf səmada məhv edilərdi. Görünür, avtomatik iş rejimində çalışan HHM sisteminin təyarəni zədələdiyini görüb, sistemi söndürüblər. Hibrid müharibələrin hava hücumu taktikalarında, hətta sərnişin təyyarələrinin uçuşundan aldadıcı manevrlər kimi istifadə edilir. Ola bilər ki, Ukrayna SQ də sözügedən təyyarədən belə bir taktiki manevr kimi istifadə edib.

Məsələn, İran generalı Qasım Süleymaninin öldürülməsində belə bir taktikadan istifadə edilmişdi. Həmin vaxt hava məkanına mülki təyyarələr buraxıldığına görə HHM sistemi söndürülmüşdü. PUA mülki təyyarəni özünə çətir edərək generala yaxınlaşmış və onu vurmuşdu.

Digər tərəfdən, məqsədli şəkildə təyarəni "Zenit" qurğuları ilə asanlıqla vurmaq olardı, "Pantsir-S"-ə ehtiyac qalmazdı.

Sadəcə olaraq, təyyarə Qroznı səmasında olarkən PUA hücumları olub, ona görə də HHM sistəmləri avtomatik rejimdə çalışıb. "Pantsir-S" avtomatik rejimdə çalışanda səmadakı bütün hədəflərə seçmədən atəş açır. Ona görə də həmin sistem avtomatik iş rejiminə keçirilən kimi ərazinin hava məkani dərhal mülki uçuşlara bağlanmalı idi. Yəni qəzaya uğrayan təyyarə Qroznı səmasına buraxılmadan geri qaytarılmalı və ya digər yaxın hava limanlarından birinə yönəldilməli idi. Lakin bunun heç biri edilməyib, Qrozni hava məkanının HHM sistemleri komandanlığının səhvi üzündən təyyarə ciddi zədə alıb. Bundan sonra isə ekipaja kömək edilməsini, ən azı onun yaxınlıqdakı hərbi aeraportlardan birinə qəza enişini təşkil etmək olardı. Bu halda itkilərimiz daha az olardı. Bunun əvəzinə, onu əvvəl Miniralnıye Vodı, sonra Mahaçqala, daha sonra dənizin o tayında olan Aktau hava limanına yönəldiblər.

Görünür, ilk səhvi buraxan HHM sistemleri komandanlığı öz nüfuzundan sui-istifadə edərək təyyrənin Rusiya hava limanlarına qəbul edilməməsinə və Aktau şəhərinə yönəldilməsinə nail olub. Təyyarənin Aktau şəhərinə yönəldilməsi, çox güman ki, qəzalı təyyarənin dəniz üstündə idarəetməni itirərək suya düşməsi - şahidlərin hamısının həlak olması və bununla da cinayətin izinin itirilməsi məqsədi ilə edilib. Təyyarə dənizə düşsə idi, bir necə gün onun axtarışları gedəcəkdi, sərnişinlərin cəsədləri çıxarılsa da təyyarənin gövdəsi çıxarılmayacaqdı. Beləliklə də səhvi buraxan HHM sistemləri komandirinin cinayəti ört-basdir ediləcəkdi. Lakin təyyarə Aktau şəhərinə çata bilsə də, eniş etmək mümkun olmayıb. Çünki raket mərmiləri təyyarənin qanadlaını hərəkətə gətirən hidravlik sistemi sıradan çıxarmışdı. Ona görə də pilot təyyarənin yaşayış məntəqəsinə düşməməsi üçun dövrə vuraraq boş ərazi tapıb və həmin yerə qəza enişi edib.

Rusiya öz hərbi və mülki məmurlarının törətdiyi cinayətləri etiraf etməli, Azərbaycan xalqından buna görə üzr istəməli, cinayətkarları qanunvericiliyə uyğun olaraq cəzalandırmalı və zərərçəkmişlərə kompensasiya ödəməlidir.

2020-ci ildə Azərbaycan hərbiciləri Naxçıvan sərhədində səhvən Rusiya sərhəd qoşunlarına məxsus helikopteri vurmuşdu. Həmin vaxt Azərbaycan hökuməti rus xalqından üzr istədi, günahkarları cəzalandırdı və kompensasiya ödəməyə hazır olduğunu bəyan etdi. Bu gün isə növbə strateji müttəfiqimiz olan Rusiyanındır.

Akif NƏSİRLİ