Çin lideri Moskvaya gəlir

Çin lideri Si Sinpin 20-22 mart tarixlərində Rusiyaya səfər edəcək


“İnterfaks” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Çin prezidenti Si Sinpin martın 20-22-də Rusiyaya dövlət səfəri edəcək.

Si Sinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya gələcək. Danışıqlar zamanı Si və Putin “Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın gələcək inkişafının aktual məsələlərini” müzakirə edəcəklər”, - bu barədə Kremldən bildiriblər. Tərəflər həmçinin “bir sıra mühüm ikitərəfli sənədlər” imzalamağı planlaşdırırlar.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Si Sinpinin Rusiyaya səfəri “iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək, qarşılıqlı etimad və anlaşmanı daha da gücləndirəcək”, RİA Novosti yazır.

Nazirlik əlavə edib ki, Pekin “Ukrayna böhranı ilə bağlı obyektiv mövqe saxlamaq və danışıqların irəliləyişində konstruktiv rol oynamaq” niyyətindədir.

Çin liderinin Rusiyaya səfər edəcəyi barədə bir neçə gün əvvəl Reuters mənbələri məlumat yayıb.

Agentliyin məlumatına görə, Çin Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə "Ukrayna böhranının siyasi həlli" planını təqdim etdikdən qısa müddət sonra danışıqlar aparmaq qərarına gəlib.

Reuters mənbələrinin məlumatına görə, Rusiyadakı danışıqlardan sonra Si Sinpinq Ukrayna prezidenti Vladimir Zelenski ilə müharibə başlayandan bəri ilk danışıqları aparmağa hazırlaşır. Danışığın onlayn olması gözlənilir.

Si Sinpin və Vladimir Putin sonuncu dəfə 2022-ci il dekabrın sonunda danışıqlar aparıblar, onların görüşü onlayn olub.

Fevral ayında ABŞ hakimiyyəti Çinin Rusiyaya qeyri-öldürücü hərbi yardım etdiyini və həmçinin silah tədarükünə icazə verdiyini bildirmişdi. ABŞ hakimiyyəti, KİV-in məlumatına görə, Pekinin Moskvaya hərbi yardım göstərəcəyi təqdirdə Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

“Politico”nun məlumatına görə, 2022-ci ildə bir sıra Çin şirkətləri Rusiyaya silah, xüsusən də hərbi məqsədlər üçün istifadə oluna bilən avtomatlar, pilotsuz təyyarələrin hissələri və zirehlər göndərib.