İranın əyalət mollası Azərbaycanı tənqid edib

Ərdəbilin imam-cüməsi Həsən Ameli martın 17-də cümə namazı xütbələrində deyib: “Bu günlərdə İsrail daxili çətinliklərin pik nöqtəsindədir və partlayış həddinə çatıb. Bu iyrənc rejimin diqqəti öz cinayətlərindən yayındırmaq üçün bölgədə fitnə-fəsad yaratması istisna deyil. Əlbəttə ki, İrana qarşı hər hansı addıma əl ata bilməz".

O, bildirib: “Lakin İsrailin rəsmi mənbələri ötən günlərdə İranın nüvə obyektlərinə hücum olacağı halda Azərbaycanın İsrailə kömək məqsədilə öz hərbi hava bazasını bu rejimin ixtiyarına verəcəyini açıqlayıblar”.

“Baxmayaraq ki, Azərbaycanın İsraildəki səfiri dərhal bunların yalan olduğunu bəyan etdi, amma həqiqətən də yalandırsa, İsrailin Bakıdakı səfirini niyə Xarici İşlər Nazirliyinə çağırmırsınız?”,- Ameli bildirib.

O, əlavə edib: “Bizim Azərbaycan dövlətinə olan gileyimiz bundan ibarətdir ki, müharibənin ən kritik mərhələlərində sizə həyati və həlledici yardım göstərən İranın mükafatı bu olmamalı idi və təbii ki, bizim çox dərrakəli, bəsirətli, qeyrətli bir millət olan Azərbaycan xalqı ilə hesabımız ayrıdır. Yəni nə qədər ki, Azərbaycan xalqı və bu ölkədə Əhli-beyt şiəsi var, Azərbaycan heç vaxt İranın hücum meydanına çevrilməyəcək”. (İrangate.news)