Kaliforniya meşə yanğınlarında ölənlərin sayı artıb

ABŞ-nin Kaliforniya ştatında baş verən yanğınlarda azı 24 nəfər həlak olub.

Lim10.az-ın "ABC News" telekanalına istinadən xəbərinə görə, bunu Los-Anceles dairəsi Tibbi Ekspertiza Departamentinin hesablaması sübut edir.

"Azı 24 nəfərin öldüyü, 10-dan çox adamın isə itkin düşdüyü güman edilir", - deyə telekanal məlumat verib.

Bildirilib ki, minlərlə yanğınsöndürən Los-Anceles dairəsinin sıx məskunlaşmış 45 kvadrat mil (116.5 kvadrat kilometr) ərazisində bir neçə böyük meşə yanğını ilə mübarizə aparır.

Kanal xatırladıb ki, 105 minə yaxın insan məcburi təxliyə əmri, daha 87 min nəfər isə təxliyə xəbərdarlığı altındadır.

Qeyd edək ki, daha əvvəl yerli KİV-də verilən xəbərlərə görə, ABŞ-nin Kaliforniya ştatında baş verən yanğınlara qırılmış naqilin səbəb ola biləcəyi deyilib. Naqilin "Eagle Rock Sylmar" elektrik xətti ilə əlaqəli qüllədə tapıldığı nəzərə çatdırılıb ki, bu qüllə "Edison International" şirkətinə məxsusdur.

Xatırladaq ki, yanvarın 8-də Los-Ancelesdə meşə yanğınlarının söndürülməsi işləri davam edir, külək alovu gücləndirir, xilasetmə qruplarında su çatışmazlığı müşahidə olunur. Yanğınlar səbəbindən ştatda böyük təbii fəlakət rejimi elan edilib.

Fəlakətdən dəymiş ziyanın 100 milyard dollar civarında olacağı proqnozlaşdırılır. 12 300-dən çox tikili dağılıb.