Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4 milyard 49 milyon 2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89 milyon 1 min manat və ya 2.25% çox olub.

Lim10.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 259 milyon 282.5 min manat, Dövlət Gömrük Xidmətindən 487 milyon 139.2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3 milyon 335.8 min manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206 milyon 8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57 milyon 317.9 min manata, sair daxilolmalar isə 35 milyon 363.6 min manata bərabər olub.

​Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 milyard 339 milyon 594.2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12 milyon 487.1 min manat və ya 0.54% çoxdur.

"​Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb", - məlumatda deyilir.