Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, işgəncə veriblər. Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto və video materiallar yayılıb. Ermənistan kütləvi informasiya vasitələrində yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir. Məsələ ilə bağlı Azərbaycanın Xalq Müdafiəçisi beynəlxalq qurumlara müraciət edərək "Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasının bəndlərinin pozulduğunu xatırladıb. Ombudsman aparatı hərbi qulluqçuya qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara reaksiya verməyə və Ermənistanı beynəlxalq hüquqla üzərinə götürdüyü tələblərə riayət etməyə çağırmağa dəvət edilib. Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçulara baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsi tələb edilib. Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.