AJT gələcək fəaliyyət istiqamətlərini açıqladı
Azad Jurnalistlər Təşkilatının (AJT) üzvü, Yenixəbər.org saytının baş redaktoru İlqar Salmanov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, AJT İdarə heyətinin ilk iclası keçirilib:
- "İclasın gündəliyində Təşkilatın nizamnamə və loqosunun qəbul edilməsi yer alırdı. Günlərdir virtual olaraq müzakirə olunan hər iki məsələ ilə bağlı təkliflər eşidildi və yekun qərar qəbul edildi.
Demokratik prinsiplərin ehtiva olunduğu nizamnamə ilə AJT daimi sədrliklə yox, dönəm sədrliyi ilə fəaliyyət göstərəcək…
Bununla yanaşı, qərara alındı ki, ən qısa vaxtda lazımı sənədlər hazırlansın və dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilsin".
İ.Salmanov sonda əlavə etdi ki, AJT ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemləri, eləcə də mediamızın inkişaf yollarını araşdırmaq və ictiamiləşdirməklə yanaşı, bu problemlərin həlli istiqamətində aidiyyatı dövlət strukturlarına təkliflər paketi təqdim etmək, müvafiq layihələr gerçəkləşdirmək kimi fəaliyyət istiqamətlərini hədəfləyib.