BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında ikili diplom proqramı
BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında ikili diplom proqramının ilk məzunlarının buraxılış mərasimi
Bakı Dövlət Universitetinin (BDU) İsrailin Holon Texnologiya İnstitutu ilə kompüter elmləri üzrə ikili diplom proqramının ilk məzunlarının buraxılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycan və İsrail arasında strateji əməkdaşlıq, dostluq, qardaşlıq əlaqələrinin olduğunu deyib. Azərbaycanda yaşayan yəhudi icması xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Təl-Əvivdə Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışı ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Rektor vurğulayıb ki, bu strateji əməkdaşlıq ticarət, təhlükəsizlik, mədəniyyət və təhsil kimi sahələri əhatə edir: “Bu əməkdaşlığın ən uğurlu nümunələrindən biri də Holon Texnologiya İnstitutu ilə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri üzrə ikili diplom proqramıdır. Proqramın əsas məqsədi kompüter elmləri sahəsində effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını real sənaye məsələlərinin həllində tətbiq etmək bacarığına malik mütəxəssislər hazırlamaqdır. İkili diplom proqramı üzrə 15 tələbə təhsil alır. Onlardan 5-i bu gün məzun olur, qalan 10 tələbə isə təhsilini davam etdirir”.
Elçin Babayev diqqətə çatdırıb ki, BDU ilə Holon Texnologiya İnstitutu digər sahələrdə, o cümlədən müasir dövrün tələblərinə cavab verən SABAH magistr proqramının hazırlanmasında da əməkdaşlıq edir. Proqram SABAH magistr proqramı tələbələrinin Holon Texnologiya İnstitutunda yay məktəbində iştirakını nəzərdə tutur, burada onlar İsrailin yüksək texnologiya parklarında təcrübə keçmək, yüksək texnologiyalar və İT sahəsi üzrə sənaye nümayəndələri ilə əlaqə saxlamaq imkanı əldə edəcəklər.
Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov isə qeyd edib ki, ikili diplom proqramı Azərbaycan ilə İsrail arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək: “Bu tədbir tarixi bir dönəmə təsadüf edir. 100 il əvvəl Azərbaycanın dahi lideri Heydər Əliyev anadan olub. Bir neçə gün əvvəl isə İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edib. Bu proqram Azərbaycan və İsrail, eləcə də BDU ilə Holon Texnologiya İnstitutu arasında körpü rolunu oynadı. Holon Texnologiya İnstitutu dünyanın 35 ölkəsindən 130-dan çox universitetlə əməkdaşlıq edir, bu proqram onların arasında ən yaxşılarındandır. Biz tələbə mübadiləsini kimya, fizika, riyaziyyatın müxtəlif sahələri üzrə də apara bilərik”.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ikili diplom proqramının məzunlarını təbrik edib. Bildirib ki, Azərbaycanla İsrail arasında əməkdaşlığın gələcək inkişafı üçün bu proqramın böyük əhəmiyyəti var.
Holon Texnologiya İnstitutunun İcraiyyə Komitəsinin sədri, Sənaye Riyaziyyatı İnstitutunun təsisçisi və baş direktoru Adir Pridor, Özbəkistan Elmlər Akademiyasının V. İ. Romanovski adına Riyaziyyat İnstitutunun direktoru Şafkat Ayupov,
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktoru Əli Nağıyev, ikili diplom proqramının məzunu İlkin Kərimli çıxışlarında təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Bildiriblər ki, proqramın məzunları iki ölkənin təcrübəsindən faydalanaraq kompüter texnologiyaları sahəsində yeni biliklər əldə ediblər.
Tədbirdə BDU və Holon Texnologiya İnstitutu ilə bağlı təqdimatlar edilib. Sonra ikili diplom proqramının məzunlarına diplomlar təqdim olunub.
Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təqdimatında bədii hissə ilə başa çatıb.