İsrailin Azərbaycandakı səfiri BDU-da olub
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Görüşdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İsrailin Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov və nümayəndə heyəti də iştirak edib.
BDU rektoru Elçin Babayev qonaqları İsrailin müstəqilliyinin 75-ci ildönümü münasibətilə təbrik edib, yəhudilərin Azərbaycanda çoxəsrlik tarixə malik olduğunu, iki ölkə arasında münasibətlərin son illər daha da gücləndiyini deyib. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın haqlı mübarizəsini dəstəkləməklə xalqımızın qəlbində dərin məhəbbət qazanıb. Rektor bildirib ki, ölkəmizin İsraildə səfirliyinin açılması strateji əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Bu münasibətlərin daha da möhkəmlənməsində təhsil əlaqələri böyük önəm daşıyır. Elçin Babayev BDU-nun İsrailin ali məktəbləri ilə əməkdaşlıqda maraqlı olduğunu, Holon Texnologiya İnstitutu ilə ikili diplom proqramının uğurla həyata keçirildiyini, Şərqşünaslıq fakültəsində ibri dilinin tədris edildiyini diqqətə çatdırıb.
Corc Dik iki ölkə arasında müxtəlif istiqamətlərdə olan əməkdaşlığı, o cümlədən, təhsil və elm sahəsində əlaqələri yüksək dəyərləndirib. Bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini deyib.
Görüşdə BDU ilə İsrailin ali təhsil müəssisələri arasında əlaqələrin perspektivləri müzakirə olunub.