KİMDİR EVSİZ - SƏN, YOXSA MƏN?
İdris Abbasov
Daxma təfəkkürlü yaramazlar
Dayaz təfəkkürü ilə "Dəryaca ağlın olsa, kasıb olsan gülərlər" bayatısının sehrinə qapılan nağılbaz, redaktəşivən, "Dissertasiya Gəmiriciləri Cəmiyyəti"nin fəal üzvü, elm və təhsil müəssisələrində fırıldaqla pul qıran, mal-mülk yığan, professor rütbəli riyakar, ziyanverici çəyirtkə qırığı o gün öz əqidədaşları ilə həmişə yığışdıqları institut tualetinin qapısı ağzında orqanizmlərinin tələb etdiyi CO2 (karbon qazı) ilə tənəffüs edir, adəti üzrə, xosunlaşırmışlar.
Gündə bir oturacaq dəyişdirən o çəyirtkə qurusu mənim kasıblığıma, evimin olmamasına, "səfehliy"imə lağ edirmiş. Deyirmiş ki, gedib pullu dostlarımızla münasibətə girmək, şəbəkəyə qoşulub pul qazandırmaq və qazanmaq əvəzinə, bizi-millətin qaymaqlarını (?!) pisləyir, əziyyətlə, min bir zəhmətlə aldadıb tora saldığımız şikarlardan qopardığımız halal nemətləri haram sayır, he-he-he..., əbləh".
Ay çəyirtkə qırığı, hələ də qanmırsan ki, bağlı-bağatlı, qanlı-qadalı, ahlı-qarğışlı nə qədər təmtəraqlı evin olsa da, evsizsən, evsiz! Çünki sənin təfəkkürün o soxaya qalmış daş daxma ilə hüdudlanır. Bəli, mənim bu dünyada sən düşündüyün evim heç vaxt olmayıb və yoxdur. Əbədiyyət evim isə həmişə var! Fəqət oksigenlə (O2) tənəffüs etməyi unutduğun üçün bir gerçəyi də dərk etmirsən ki, lağ etdiyin və birləşib haqqını çaldığınız şəxsin evi bütün Azərbaycandır! Onun-bunun qanına girməklə, irin içməklə Ev içində evə sahiblənməyə nə hacət?!
Qeyd: Statistikaya görə, nəhəng çəyirtkə sürüləri gündə 100 min tondan çox qida qəbul edir. Bu on minlərlə insanın bütöv bir ilini təmin edəcək qida ehtiyatıdır.