Müddətli əmək müqaviləsi kimə xidmət edir?!

 

Əmək müqaviləsi bağlandıqda heç kimi narahat etməyən, Əmək müqaviləsi ləğv edildikdə isə artıq gec olan müddətli Əmək müqavilələri problemi

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı bu barədə dəfələrlə bağlı Milli Məclis, Millət vəkilləri, ƏƏSM Nazirliyi, Əmək Müfəttişliyi, mətbuatda məsələ qaldırıb, şifahi və yazılı təkliflər verib.

Bir daha qeyd edək ki, Əmək Məcəlləsində olan bu maddi hüquq normaları bərabərlik prinsipinə uyğun deyil, işçilərin bu sahədə olan hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də Əmək Məcəlləsinə dəyişiklər edilməlidir.

Belə bir sual yaranır: İdarə, müəssisə və təşkilatlarda işçilərlə kütləvi surətdə müddətli əmək müqaviləsinin bağlanması qanunidirmi?

İlkin baxışdan belə görünür ki, bu qanunidir. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddəti əmək müqaviləsi bağlanıla bilər. Lakin məsələ yalnız bu bəndlər bitmir.

Məcəllənin 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Yəni, Məcəllənin əsas tələbi ondan ibarətdir ki, əgər işlər və xidmətlər daimi xarakter daşıyırarsa, əvvəlcədən məlumdursa, əmək müqaviləsi müddətsiz bağlanmalıdır.

İşəgötürən tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasının əsas səbəbi məlumdur. Bu bənd qane etməyən işçi ilə heç bir hüquqi problem yaratmadan vidalaşmaq üçün nəzərdə tutulub. İstehsalat tərəfdən baxdıqda isə hər bir işəgötürənə müəyyən müddət işləmiş, təcrübə qazanmış və peşəkar olan işçişlərlə müddətli əmək müqaviləsi deyil, müddətsiz əmək müqaviləsi bağlamaq sərf edir.

Müddətli əmək müqaviləsinin bağlanmasında əsas məqsədi o deyil ki, burda tərəflərin, xüsusən də işçinin iradə ifadəsi var. Burada. tərəflərin iradə ifadəsindən söhbət belə gedə bilməz, burada qorxu var. Sadəcə hər bir işçi çox gözəl bilir ki, müddətli əmək müqaviləsi barədə işəgötürənin təklifi ilə razı olmasa, onunla​ yenidən müqavilə bağlanmayacaq.

Müddətsiz əmək müqaviləsində olan işçi ilə də bir çox hallarda işəgötürənin təklif və təzyiqi ilə müddətsiz əmək müqaviləsi, müddətli əmək müqaviləsi ilə əvəz olunur. İşçi bu barədə olan təklifdən məmnun qalmasa da, başqa yolla əmək müqaviləsinin ləğv edilməsindən qorxaraq, bu barədə işəgötürənin təklifini qəbul etmiş olur, təzyiqlə, lakin görünən odur ki, qanunda öz iradə ifadəsi altında qəbul edilmiş qərar kimi görünür.

Belə bir sual yaranır, nədən müddətin sonunda işdən azad olunma qorxusu olan​ işçilər müddətli əmək müqaviləsi bağlasın? Ən azından işçilərin çox hissəsi gözəl bilir ki, Əmək Məcəlləsinə əsasən istədiyi vaxt, yəni ərizə yazdığı gün və ya ən çoxu bir ay müddətində işdən azad oluna bilər. Bu halda nədən özünün ziyanına olan müddətli müqaviləyə imza etsin?

Fikir verin, nədənsə əksər işçilər öz iradə ifadəsi altında​ 3 ay, 6 ay və ən çoxu 12 ay kimi qısamüddətli əmək müqaviləsi imzalaylr, sanki əvvəldən hamısı yığışıb​ razılaşmış kimi görünür.

Bu sual əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanını və ictimai nəzarəti həyata keçirən həmkarlar təşkilatlarını da maraqlandırmalıdır. Nədən işçilər kütləvi surətdə, istəmədikləri halda, rəsmi olaraq isə "öz iradə ifadələri altında" maraqlarına zidd olan müddətli əmək müqavilələrinə imza edirlər? Bu halları aradan qaldırmaq üçün hansı hüquqi yollardan istifadə etmək lazımdı?

Bir faktı qeyd edək ki, əvvəllər aşağı vəzifələrdə, xüsusən də fəhlə və qulluqçularla müddətli əmək müqaviləsi bağlanılırdı. İndi isə hətta, yüksək vəzifəli işçilərlə də müddətli əmək müqaviləsi bağlanır. Maraqlıdır, hansı səbəblə​ yüksək vəzifəyə təyin olan işçi "öz iradəsi" ilə müddətli əmək müqaviləsi bağlasın?

Yekun olaraq bildirmək istəyirəm ki, məcburiyyət və ya təzyiq qarşısında qalmasa​ çox az işçi istisna olmaqla, işçilərin əksəriyyəti Əmək Məcəlləsində nəzərdə tutulan qaydada öz iradə ifadəsi və qarşılıqlı razılıq əsasında yalnız​ müddətsiz əmək müqaviləsi bağlamaq istəyər. Ona görə də bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər edilməlidir ki, əsassız olaraq işçi ilə müddətli əmək müqaviləsi bağlanması problemi aradan qaldırılsın.
Azər Quliyev.