SOCAR prezidentinin 10 vitse-prezidenti var
ARDNŞ-da zərərli işlərdə çalışanlara qanunla nəzərdə tutulmuş süd və süd məhsulları verilmir
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirir ki, SOCAR-da bilmirsən şikayətləri kimə göndərəsən:
"Hazırda ARDNŞ (SOCAR) rəhbərliyi prezident və 10 vitse-prezidentdən ibarətdir. Son zamanlar bir neçə vitse-prezidentin bəzi səlahiyyətləri şirkət prezidentinin çoxsaylı müşavirlərinə (məsləhətçi) həvalə olunub. Sosial məsələlər üzrə vitse-prezident Bədəl müəllimin səlahiyyətlərinin müşavirlərə ötürülüb-ötürülmədiyini bilmədiyimdən işçilərin bizə ünvanladığı müraciəti Bədəl müəllim və çoxsaylı müşavirlərə çatdırıram.
Təşkilatımıza daxil olan məlumatda deyilir ki, ARDNŞ strukturuna daxil olan müəssisələrdə zərərli işdə çalışan işçilər hər gün pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar ilə təmin edilmir. Bununla da müvafiq qurum (məsul şəxs) tərəfindən (ARƏM Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri - əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin edir) pozulur. ARDNŞ rəhbərliyi bilməlidir ki, bu halda zərərli sahədə çalışan işçilərin sağlamlığına ziyan vurmuş olur.
Onu da qeyd edim ki, süd, yaxud süd məhsulları hər gün verilməlidir. Ayda bir dəfə yox!'