ABŞ ilə Avropa arasında ticarət müharibəsi 9.5 trilyon dollarlıq biznesi çökdürə bilər

ABŞ və Avropa İttifaqı (Aİ) arasında tarif müharibəsi illik həcmi 9.5 trilyon dollar olan transatlantik biznesi kiçildilə bilər.
Lim10.az-ın məlumatına görə, bu barədə "Reuters" ABŞ-nin Aİ-dəki Ticarət Palatasının hesabatına istinadən bildirib.
ABŞ və Aİ arasında mal və xidmətlərin ticarəti 2024-cü ildə rekord həddə - 2 trilyon dollara çatıb, lakin Vaşinqtonun polad və alüminiuma yeni rüsumları, eləcə də Avropa şərablarına və digər spirtli içkilərə 200%-lik tarif tətbiq etmək təhdidləri bu dinamikanı poza bilər.
Hesabatın əsas müəllifi Deniel Hemilton qeyd edir ki, İrlandiyanın ixracatının 90%-ni və Almaniyanın isə ixrac əməliyyatlarının 60%-ni təşkil edən korporasiyadaxili ticarət zərbə altında qalacaq və bu təsir xidmət və enerji sahələrinə, o cümlədən ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə toxunacaq.
Palata ekspertləri ABŞ Prezidenti Donald Trampın tariflərinin faydalı olacağına şübhə edir və hər iki iqtisadiyyat üçün onların əks təsirini nəzərə almağa çağırır.