"Brent" nefti 4 ildən bəri ilk dəfə 64 dollardan aşağı düşdü

Neft bazarı ciddi sarsıntı yaşayır: "London ICE" birjasında 2025-ci ilin iyun ayı tədarükü ilə "Brent" markalı neftin füçers qiyməti 26 aprel 2021-ci ildən bəri ilk dəfə olaraq 64 dollar səviyyəsindən aşağı düşüb.
Lim10.az bu barədə ticarət məlumatlarına istinadla xəbər verir.
Belə ki, Bakı vaxtı ilə saat 2:09 vəziyyətinə görə, "Brent"in qiyməti 2.41% azalaraq bir barel üçün 63.97 dollara çatıb. Lakin artıq Bakı vaxtı ilə 2:27-də "Brent" füçersi azalmanı sürətləndirərək bir barel üçün 63.45 dollar (- 3,25%) səviyyəsində ticarət olunub.
Həmçinin WTI füçersi 2025-ci ilin may ayı tədarükü ilə 3.36% azalaraq bir barel üçün 59.92 dollara düşüb.
Ekspertlər neft kotirovkalarının hazırkı düşməsini OPEK-in 3 aprel tarixli son bəyanatı ilə əlaqələndirirlər. Sənəddə bildirilirdi ki, OPEK+ ölkələrindən səkkizi, may ayında neft hasilatının artımını əvvəlcədən planlaşdırılmış gündəlik 135 min barel əvəzinə gündəlik 411 min barelə qədər sürətləndirəcək.