Azərbaycanda orta aylıq əmək haqqı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10,2 % artaraq 1 044 manat təşkil edib.

Lim10.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

Bu il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,7 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.