Həbs olunduğu iddia edilən Azərbaycan diasporunun rəhbəri sensasiyalı açıqlamalar verdi


Asman Hüseynov: "Biz uzun müddət Rusiyada çalışan bir Azərbaycan Milli-Mədəni Muxtariyyəti olaraq, Azərbaycan-Rusiya dostluğuna xidmət etmişik, Azərbaycan dilinin və mədəniyyətinin Yaroslavl viləyətində qorunub saxlanması, inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə məşğul olmuşuq"
Rusiyanın "Progorod Yaroslavl" teleqram kanalı yazır ki, guya Yaroslavldakı Azərbaycan diasporunun lideri həbs edilib. Məlumatda bildirilir ki, Asman Hüseynov mühacirlərin qeyri-qanuni qeydiyyatında suçlanır.
Rusiya KİV-nin məlumatında da bildirilir ki, Yaroslavlda təhlükəsizlik qüvvələri regional Azərbaycan diasporunun lideri Asman Hüseynovu saxlayıb. İddiaya görə, həmin şəxs maddi mənfəət qarşılığında Tacikistan və Özbəkistandan olan miqrantları saxta yolla qeydiyyatdan keçirməkdə şübhəli bilinir.
"Asman Hüseynov barəsində Rusiya Federasiyası DİN-nin Yaroslavl vilayəti üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 322.3-cü (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında saxta qeydiyyata alınması) maddəsi ilə cinayət işi açıb və araşdırma aparır”, - deyə Yaroslavl vilayəti üzrə DİN şobəsi məlumat yayıb.
Yaraslavl şəhərində yaşayan soydaşlarımızdan aldığımız məlumata görə, Asman Hüseynov hüquqşünasdır və vəkillik fəaliyyəti ilə məşğuldur. O, miqrasiya idarəsinin rəsmi şəxsi deyil ki, hansısa miqrantı qeydiyyatdan keçirsin. Eyni zamanda, Asman Hüseynov vətəndaş cəmiyyəti üzvüdür. O, Yaroslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının rəhbəridir. Bu yaxınlarda həmin təşkilat adından Yaroslavl şəhərində Böyük Vətən müharibəsinin 80 illiyi münasibətilə azərbaycanlı müharibə iştirakçılarının da adları keçən xatirə lövhəsi olan dostluq parkının tikintisi layihəsini hökumətə təklif etmişdi.
Bununla yanaşı, təşkilat indiyə qədər dövlətin maliyyələşdirdiyi onlarla uğurlu layihəni icra edib.
Amma bir məsələ də şübhə doğurur ki, Rusiyada azərbaycanlıların diaspora təşkilatı, məsələn, ümumrusiya azərbaycanlıları konqresi yoxdur. Belə bir təşkilat yoxdursa, deməli, Rusiyada azərbaycanlıların diaspora təşkilatı da yoxdur. Diaspora təşkilatı yoxdursa, kimisə diaspora təşkilatının lideri kimi təqdim etmək doğru deyil. Bu təqdimat ondan xəbər verir ki, Asman Hüseynov kimlər tərəfindənsə sifariş edilib və məsələni bir qədər də qəluzləşdurmək üçün onu Rusiya hakimiyyətinin xoşuna gəlməyən, mövcud olmayan Azərbaycan diasporunun lideri kimi təqdim ediblər.
Görünür, hələ də Rusiya ilə Azərbaycan arasında təyyarə qəzası ilə başlayan soyuq münasibət davam edir. Bu həm də bizim Rusiyada yaşayan soydaşlarımızın başının bəlasına çevrilib. Diqqətli oxucuların xatirindədir ki, Rusiya Dövlət Dumasının üzvləri və "siyasi xadimlər" Rusiyada yaşayan azərbaycanlılar barədə nələr təklif edirdilər - həbs edilsinlər, deportasiya olunsunlar, müharibəyə göndərilsinlər, biznesləri əllərindən alınsın və s...
Baki-xeber.com saytının müxbirinə danışan Asman Hüseynov bildirib ki, Rusiya və Azərbaycan KİV-lərində barəsində müəyyən neqativ məlumatlar yayılıb: "Açığını deyim ki, müəyyən çətinliklərimiz var, bu danılmazdır. Haqqımda saxta bir cinayət işi qaldırılıb. Bunun da səbəblərinin nədən ibarət olduğunu siz də bilirsiniz. Amma şəxsən mən heç bir cinayət tərkibli əməl törətməmişəm. Məni həbs də etməyiblər, cinayət işi açılıb, ifadəm alınıb və araşdırmalar aparılır. Çox təəssüflər olsun ki, bir çox qurumlar "qarışqanı şişirdib, fil ediblər". Burada isə məqsəd Rusiyada yaşayan millətlər arasında iğtişaşlar yaratmaqdır. Əlbəttə, bizi buna sürükləyə bilməzlər. Biz uzun müddət Rusiyada çalışan bir Azərbaycan Milli-Mədəni Muxtariyyəti olaraq, Azərbaycan-Rusiya dostluğuna xidmət etmişik, Azərbaycan dilinin və mədəniyyətinin Yaroslavl viləyətində qorunub saxlanması, inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə məşğul olmuşuq. Bu gün də həmin fəaliyyətimizi davam etdiririk. Hazırda azadlıqdayam, mənə görə narahat olan bütün insanlara minnətdarlığımı bildirirəm. Məni axtarıb tapdığınıza görə "Bakı-Xəbər" qəzetinin rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirirəm".
Onu da qeyd edək ki, Asman Hüseynov Rusiyada yaşayan azərbaycanlı kimi Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının iştirakçısı olub.
Asman Hüseynov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda da bəzi blogerlər və KİV-lər barəsində neqativ məlumatlar yayıb: "Amma biz Azərbaycan mediasından yalnız dəstək gözləyirdik. Çunki biz həmişə Azərbaycan dövlətini, Azərbaycan Prezidentini dəstəkləmişik, onun siyasətini təbliğ etmişik. Mənim haqqımda neqativ informasiya yayanlar da məni bu yoldan döndərə bilməz, çünki bu mənim üçün şərəf məsələsidir".
Söhbət əsnadında bəlli oldu ki, Asman Hüseynovun rəhbərlik etdiyi təşkilat Yaroslavl vilayətində böyük işlər görub və təşkilatın 700 kvadrat metrlik ofisində Azərbaycanı təbliğ edən muzeylər və mərkəzlər yaradılıb. Bu barədə növbəti yazılarımızda söhbət açacağıq.
Akif NƏSİRLİ