Azərbaycan iqtisadiyyatını boğan problemlər...

Vəziyyətdən çıxışı yolu varmı?
Azərbaycan iqtisadiyyatının əsas problemləri ondan ibarətdir ki, iqtisadiyyatda ciddi şəkildə həm dövlət, həm də özəl inhisarçılıq müşahidə edilir. Ölkədə yeni şirkətlərin yaranması və inkişafı üçün heç bir şərait yoxdur. Bütün sahələrdə qaydaları inhisarçılar diktə edir. Hökumətin arbitraj rolu sıxışdırılıb, bu da inkişafı boğur. Birinci növbədə hansısa formada inhisarçılıq azaldılmalı. Heç olmasa özəl şirkətlərin inhisarçılığına son qoyulmalıdır ki, bazara yeni oyunçuların - yeni şirkətlərin daxil olmasına şərait yaransın. Bu asanlıqla ifadə edilsə də, bir qədər çətin və ağrılı məsələ olsa da, başqa çıxış yolu yoxdur. İnkişaf etmiş dünya ölkələri bu prosesi 70-80-ci illərdə keçib. Biz isə obyektiv və bəzi subyektiv səbəblərdən bu problemi indi həll etməliyik.
İkinci vacib məsələ, indiki mərhələdə iqtisadiyyata daha çox təsirə malik olan büdcə vəsaitlərinin qeyri-şəffaf və səmərəsiz xərclənməsidir. Büdcənin sosial müdafiə və əmək haqqı bölməsində (bu büdcə xərclərinin təxminən 40 faizinindən çoxunu təşkil edir) elə ciddi problemlər olmasa da (burada da müəyyən xırda problemlər mövcuddur), qalan digər xərc maddələrinin əsas hissəsi korrupsiyaya yem olur. Hesablama Palatasının rəyinə görə, 2024-cü ildə həyata keçirilən dövlət satınalmalarının 57 faizi tendersiz həyata keçirilib. Araşdırmalar göstərir ki, keçirilən tənderlərin isə böyük əksəriyyəti formal xarakter daşıyır. Buraya müdafiə və təhlükəsizlik xərclərindən tutmuş digər büdcə xərcləmələrinə qədər bütün maddələri əhatə edir. Dövlət satınalmaları üzrə həyata keçirilən satınalmaların dəyərinin yarıdan çoxu korrupsiya yolu ilə mənimsənilir. Amma inanmaq da çətindir ki, bundan iqtisadiyyatı idarə edən menecerlərin xəbəri yoxdur. Tenderlərdə qalib elan edilən şirkətlərin hamısı xərcləri büdcədən alan dövlət qurumunun rəhbərlərinin yaratdığı şirkətlərdir. Bu yolla dövlət vəsaiti mənimsənilir və bununla da xərcləmələrini səmərəliliyi aşağı düşür. Büdcə vəsaitlərinin mənimsənilməsinin bir neçə sxemi var, onlardan ən populyarı tenderlər üzərindən həyata keçirilən əməliyyatlardır. Hətta, xaricdən dövlət zəmanəti ilə alınan kreditlər üzərindən də belə sxemlər qurula bilir. Dövlətin 70 milyard strateji valyuta ehtiyatı varsa, biz nəyə görə kanalizasiya sistemini yenidən qurmaq üçün xarici donorlardan kredit almalıyıq? Bizə bu donorluğu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ADNF) edə bilməzmi? ADNF-nin yerləşdirdiyi aktivlər ən yaxşı halda bizə 2-3% divident gətirirsə, biz xarici donorlardan aldığımız kreditlərə görə bundan azı 2-3 dəfə çox faiz ödəyirik - nəyə görə?
Düzdür, bəzən elə layihələr olur ki, dövlət vəsaitini risk altına atmamaq üçün hökumət bəzi layihələri xarici donorlardan alınan kredit hesabına maliyyələşdirmək məcburiyyətində qalır. Bunlar istisnadır. Məsələn, Aİ-nin qaz hasilatı və ixracatını genişləndirilməsi üçün həyata keçiriləcək layihə mütləq Aİ-nin sifarişi ilə xarici donorlar vasitəsi ilə maliyyələşdirilməlidir. Çünki layihənin riskləri var, biz bunu anlayırıq.
Büdcə xərcləmələrinin şəffaflığı sahəsində müdafiə və təhlükəsizlik xərclərinin də bir qismini vətəndaş cəmiyyətinə açmaq olar. Tutaq ki, biz silah almaq üçün xərclədiyimiz vəsaiti məxfi saxlaya bilərik, amma əsgərin geyimi, qidalanma, yataq, istirahət xərcləri və s. açıla bilər. Bunun dövlət sirri adı altında gizlədilməsinə heç bir ehtiyac yoxdur. Bu məxfilik korrupsiyanı genişləndirir.
Ölkə iqtisadiyyatını boğan, inflyasiyanı tətikləyən, iş yerlərinin bağlanmasını təmin edən, yeni sahibkarlar nəslinin yetişməsinin qarşısını alan ümdə amil isə ölkənin vergi sistemidir. 2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.
Qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib. Bu il büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə qeyri-neft-qaz sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb. Buna rəğmən 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. ÜDM-in il ərzində artım tempi 4,1%, qeyri-neft-qaz sektorunda vergi daxilolmalarının həcmi isə 13,6% artıb. Ölkə iqtisadiyyatını idarə edənlərdən soruşan yoxdur ki, ÜDM-i 4,1% artan ölkənin vergi yükü nəyə görə 13,6% artıb? Bu vergi yükü kimin cibindən çıxır? Siz proqnozdan əlavə vergini kimin cibindən çıxardırsınız? Hələ bu rəsmi rəqəmlərdir. Reallıqda vergi strukturları sahibkarlara qarşı reket kimi davranır, az qazancı olan sahibkarın boynuna çəkə bilmədiyi vergi yükü qoyur. Əvvəl təbliğ edirdik ki, bir pencərə sistemi yaranıb, sahibkarların qeydiyyatında heç bir problem yoxdur. Doğrudan da belədir. İndi Azərbaycanda adı olub, özü olmayan bəlkə də on minlərlə şirkət var. Çünki şirkət açmaq asandır, amma onun rentabelli fəaliyyətini təşkil etmək demək olar ki, mümkün deyil. Ona görə də bu gün ölkədə işsizlik baş alıb gedir.
Biz büdcə vəsaitləri hesabına işsizliyi aradan qaldırmaq istəyirik, bu mümkün deyil. Çünki büdcə vəsaiti məhduddur, limiti var. Amma biz sabibkarların vergi yükünü azaltsaq, vergi məcəlləsinin həcmini kiçiltsək, sadə vergilər tətbiq etsək, sahibkarlıq inkişaf edər. Bu sahənin açdığı iş yerlərinin isə heç bir limiti yoxdur. Sahibkarlıq nə qədər genişlənəcəksə, bir o qədər də daha çox iş yerləri açılacaq, ölkədə normal əmək bazarı formalaşacaq. Bir milyon sahibkarın hərəsi öz biznesinə 3 işçi cəlb etsə, bu 4 milyon iş yeri deməkdir.
Vergi yükünün azalması ilə bağlı ola bilsin ki, qısa müddətdə vergi daxilolmaları azala bilər. Lakin bu müvəqqəti xarakter daşıyacaq. Həm də bizim bu gün həmin kəsiri bir necə il ödəmək imkanımız var. Ölkəyə neft-qaz satışından ciddi daxilolmalar var. Dövlət büdcəsinə 14 milyard yox, bir necə ilə 20 milyard manat transfer etmək olar. Amma növbəti illərdə artıq büdcənin əsas yükünü sahibkarlar ordusu asanlıqla çəkəcək. Özü də bu genişlənən biznes üçün o qədər də çətin yük olmayacaq. Çünki onlar çoxaldıqca yükü bölüşəcək. Bəlkə də o zaman büdcəyə izafi daxilolmalara görə vergi yükünü bir qədər də azaltmağa ehtiyac yaranacaq.
İqtisadiyyatımızın növbəti bəlası gömrükdür. Fikrimizi yalnız bir sadə misalla izah etməyə çalışaq. Azərbaycan kömrüyünə qədər cəmi 8,3 manat dəyər qazanan İrandan idxal edilmiş kərə yağı gömrükdən marketlərə çatana qədər nəyə görə 18-20 manata, Yeni Zellandiyadan 11 manata idxal edilən kərə yağı isə 25-30 manata satılır? Necə olur ki, istehsalçıdan kömrüyə qədər qazanılan dəyərdən azı iki dəfə çox əlavə dəyər gömrükdən piştaxtaya qədər yaranır? Belə çıxır ki, biz idxal edilmiş kərə yağı hesabına istehsalçı şirkətdən daha çox pul "qazanırıq". Bu "qazanc" bəs kimin cibindən çıxır, kimin mənfəətinə çevrilir? Əlbəttə, bu əhalinin cibindən çıxır, inhisarçıların mənfəətinə çevrilir...
Üstəgəl, biz bu yolla süni inflyasiya formalaşdırırıq.
Bu işin bir tərəfində Dövlət Kömruk Komitəsi dayanır, hansı ki, iqtisadi sərhədlərimizdə dövlət siyasətini həyata keçirir. Üçüncü tərəfdə isə bizim etdiyimiz inhisarçı şirkətlər dayanır. Bu üç tandem - vergi, gömrük və inhisarçılar Azərbaycanda inflyasiyanı körükləyən əsas subyektlərdir. Ona görə də vergi və gömrükdə sahibkarın yükünü azaldan islahatlar həyata keçirilməli və inhisarçılıq aradan qaldırılmalıdır.
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 648,705 milyon manat təşkil edib ki, bu, 2023-cü illə müqayisədə 4,9 % çoxdur. Gömrük və vergi daxilolmalarının bu cür sürətlə (hələ elə illər var ki, bu artım 40-50% təşkil edib) artımının nədən qaynaqlandığını təhlil etmək çox maraqlı olardı. Çünki biz güman edirik ki, inhisarçılıqdan sonra, iqtisadiyyatımızın inkişafını əngəlləyən ikinci amil vergi və gömrük daxilolmalarının sürətlə artmasıdır. Vergi daxilolmaları ilə bərabər sahibkarların sayında və onların istehsal həcmlərində daha çox artım müşahidə edilsəydi, bu artıq normal sayıla bilərdi.
Növbəti problem qanunun aliliyinin və məhkəmələrin müstəqilliyinin təmin edilməməsindən dolayı mülkiyyətə zəmanət verilə bilməməsidir. Milli sərmayəçi Azərbaycana investisiya qoymağa qorxur ki, sabah o biznesini qurandan sonra bu biznesin onun əlindən alınmaq ehtimalı böyükdür. Ona görə də kapital sahibləri vəsaitlərini xaricə daşımağa meyllidir. Bunun qarşısını almaq üçün maliyyə aministiyasi vermək və mülkiyyətə etibarlı zəmanəti təmin etmək lazımdır.
Ölkə iqtisadiyyatının digər ağrılı problemi kənd təsərrüfatı ilə bağlıdır. Aqrar sahənin özəl sektoruna dəstək demək olar ki, verilmir. Fermerə verilen dəstək subsidiyalardır ki, onun da 75%-i möhtəkirlərin yeminə çevrilir. Belə ki, fermerə verilən subsidiyanın yalnız 25%-i fermer tərəfindən nağdlaşdırıla bilir. Qalan 75% hissəyə isə fermer yalnız Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərin təklif etdiyi vasitələri ala bilər. Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlər isə fermerlerlərin onlara təhkim olunduğundan olunmasından istifadə edərək, onlara ən ucuz və keyfiyyətsiz vasitələri bazarda ən baha qiymətə satırlar. Fermerin alternativ imkanı olmadığından bu vasitələri almaq məcburiyyətində qalır. Həmin keyfiyyətsiz vasitələrdən istifadə etməklə isə yüksək məhsuldarlıq almaq mümkün deyil. Toxum, pestisid-herbisid və gübrə zaydırsa, necə məhsuldarlıq almaq olar? Beləcə ortada qazanan Kənd Təsərrüfatı Nazirliyi və onun seçdiyi tədarükçü şirkətlər olur. Bununla yanaşı, KTN-nin müvaviq qurumları aqrar sahə üçün ölkəyə idxal edilən müxtəlif kənd təsərrüfatı texnikalarının sənədləşdirilməsində külli miqdarda rüşvət alır ki, bu da texnikanın qiymətini aşırı dərəcədə bahalaşdırır. Ona görə də əksər fermerlər texnika ala bilmir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müstəqilləşdirilməsi və aqroparkların İqtisadiyyat Nazirliyindən alınıb Kənd Təsərrüfatı Nazirliyinə verilməsini doğru addım sayırıq. Əvvəldən bu profil nəzərə alınmalı idi. Amma aqroparkların özəlləşdirilməsi daha məqsədəuyğun olardı. Çünki özəl müəssisələr məlum səbəbdən inkişafa daha çox töhfə verir.
Göründüyü kimi aqroparklar qarşısına qoyulan hədəflərin heç yarısını belə vura bilmədi. Münbit torpaqların 15 faizə qədəri aqroparklarda cəmləşsə də, ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının cəmi 2-3 faizini istehsal edirlər. Minimum hədəf ondan ibarət idi ki, 5 ilə ərzaq buğdasını idxalına son qoyulacaq. Lakin bu idxal heç olmasa nəzərəçarpacaq dərəcədə azalmayıb da...
Deməli, bu strategiya özünü doğrultmur. Son 10 ildə aqroparklara qoyulan investisya özəl sektora qoyulsa idi, daha yaxşı nəticə almaq olardı.
Ölkədə pambığın strateji məhsul elan edilməsini məqsədəuyğun hesab etmirik. Çünki Azərbaycan pambığı zəif lif çıxımına malikdir. Buna görə də dünya bazarında ona müştəri tapmaq çətindir. Digər tərəfdən, pambıq ən yaxşı halda ölkəyə il ərzində 250 milyon dollar valyuta gətirib. Amma biz il ərzində xaricdən azı 4 milyard dollarlıq kənd təsərrüfatı məhsulları və aqrar mənşəli ərzaq idxal edirik. Pambıq sahələrini idxal etdiyimiz məhsulların istehsalına yönəltsək, 4 milyard dollarliq idxal xərcini yarıbayarı azalda bilərik. Belə olan halda biz 1,8 milyard dollar valyuta itkisini azalda bilərik.
Tarif (Qiymət) Şurası iqtisadiyyatın dövlət inhisarında olar hissəsinin qiymət siyasətinə cavabdeh qurum olsa da, Vergi Xidmətinin və Gömrük Komitəsini ardınca getməklə məşğuldur. TŞ yalnız qiymətləri onların qiymət siyasətinə uyğunlaşdırmağı bacarır. Ona görə də həmişə yalnız qiymətləri artırır. Qiymətlərdə azalma heç olmasa hərdən bir niyə baş vermir? Səbəblərdən biri müstəqil qiymət siyasətinin olmamasıdır.
Tarif (Qiymət) Şurasında bütün üzvlərinin hökumət nümayəndəsi olması da doğru deyil. Bu səbəbdən TŞ-nın bütün üzvləri hökumətin mövqeni müdafiə edir, vətəndaş mövqeyi müdafiəsiz qalır. Hesab edirik ki, TŞ üzvlərinin azı yarısı iqtisadiyyatı bilən vətəndaş cəmiyyəti üzvlərindən ibarət olmalıdır.
Neft sənayesində strategiyanın dəyişməsinin vaxtı ən azı 10 il gecikib. Ötən il yenilənən "Əsrin Müqaviləsi" çərçivəsində neft sənayesinə 11 milyard dollardan artıq investisiya qoyulacaq, hökumətə isə 3,6 milyard dollar bonus veriləcək. Bu göstəricilər rəqəm olaraq böyük görünsə də, xarici şirtkətlərin bizim neft sənayesindən əldə etməyi proqnozlaşdırdıqları mənfəətin bir neçə faizinə bərabərdir. Nədən bu investisiyanı biz özümüz qoyub, sərvətimizi özümüz hasil etmirik?
1994-cü ildə hasilatın xaricilərə həvalə edilməsini biz anlayırıq. Bəs 30 il sonra biz həmin addımı niyə təkrarlayırıq? Üstəlik, dövlətin neft şirkətinin strukturları da xaricilərin nəzarətinə verilir. Hesab edirik ki, tendensiya əksinə inkişaf etməlidir. Neft sənayesində dövlət və yerli şirkətlərin payı ildən-ilə artmalı, xarici şirkətlərin payı isə azalmalı idi. İndiyə qədər bunu etməmişik, heç olmasa bundan sonra etməliyik. Biz hazırda neft sənayesini xarici şirkətlərdən asılı vəziyyətə salmışıq. Xarici şirkətlər isə hasilatı azaltmaqla bir il ərzində ölkənin xarici ticarət dövriyyəsində müsbət saldonu 3 dəfə azaldaraq, 15 milyard dollardan 5 milyard dollara salıb. Ötən il dövlət başçısı da bununla bağlı narahatlığını ifadə edib.
Ümumiyyətlə, milli iqtisadiyyatda xarici şirkətlərin təsirlərini daimləşdirmək olmaz. Onlardan ölkəyə texnologiya gətirmək üçün bir neçə il müddətinə istifadə etmək kifayətdir. Zatən müqavilələr də müddətli olur. O müddət bitənə qədər biz analoji texnologiyaları mənimsəməli və mütəxəssislər yetişdirməliyik ki, xarici şirkətlərin gördüyü işi öz şirkətlərimiz görsün. Çünki hər bir transmilli şirkət özündə ana dövlətinin ideologiyasının daşıyır, onun siyasi məqsədlərinə xidmət edir. Hələ biz də çalışmalıyıq ki, öz transmilli şirkətlərimizi yaradaq və onların vasitəsi ilə də öz dövləti məqsədlərimizə beynəlxalq aləmdə dəstək verək.
Bu baxımdan Cənub Qaz Dəhlizinin səhmlərinin 51 faizinin ötən il dövlətin əlinə keçməsi təqdirəlayiqdir. Ötən ilə qədər isə Cənub Qaz Dəhlizinin səhmlər paketinin 51 faizi konsorsiuma məxsus idi. Digər istiqamətlərdə də bu tendensiya davam etməlidir. BP-yə münasibətdə müəyyən güzəştlər mümkündür, amma digər şirkətlərlə yenidən hesablaşmağın vaxtı çoxdan çatıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif NƏSİRLİ