Texnologiyadan istifadə beyin sağlığını qoruyur - Araşdırma

ABŞ-nin Texas ştatından olan tədqiqatçılar 50 yaşdan yuxarı 411 mindən çox şəxsin iştirak etdiyi 57 fərqli araşdırmanı təhlil ediblər.

Lim10.az Sfera.az-a istinadən xəbər verir ki, nəticələrə əsasən, texnologiyadan müntəzəm istifadə edən insanlarda zehni zəifləmə riski 58% azalır. Həmçinin bu şəxslərdə zamanla müşahidə olunan əqli geriləmə nisbəti 26-34% arasında daha aşağı olub.

Araşdırmalarda müxtəlif rəqəmsal vərdişlər incələnib. Bəziləri ağıllı telefon istifadəsinə, digərləri isə sosial şəbəkələrə fokuslanıb. Maraqlıdır ki, iştirakçıların peşə, təhsil və sosial-iqtisadi vəziyyəti nəzərə alınsa belə, texnologiya ilə təmasın qoruyucu təsiri davam edib.

Texasdakı Baylor Universitetindən psixoloq və neyrobioloq Maykl Skallin məsələ ilə bağlı qeyd edib: “Hər gün texnologiyanın bizə mənfi təsirləri ilə bağlı fikirlər eşidirik. “Rəqəmsal demensiya” kimi anlayışlar gündəmə gəlir. Lakin bu nəticələr fərqli bir mənzərə ortaya qoyur”.

Texas Universitetindən nevropsixoloq Cared Benj isə bildirib: “Araşdırmalarımız göstərir ki, yaşlı insanların texnologiya vasitəsilə sosial əlaqə qurması və zehni aktivliyini qoruması onların əqli sağlamlığı üçün böyük faydalar verə bilər”.

Mütəxəssislərə görə, texnologiya xüsusilə yeni cihaz və proqramları öyrənməklə beyni daha çevik və uyğunlaşan saxlaya bilər. Sosial media və görüntülü zənglər isə tənha qalma hissini azaldaraq zehni sağlamlığı dəstəkləyə bilər. Bundan əlavə, xatırlatma və təqvim tətbiqləri də yaşlıların müstəqil həyat müddətini uzada bilər.