İlham Əliyevin liderliyi ilə qardaşlıq möhürü vuruldu - ŞƏRH

“Tarixin sınaqlarından çıxan sarsılmaz Türkiyə-Azərbaycan birliyi dünyada  bir qardaşlıq rəmzi hesab olunmaqdadır. Bu qardaşlığın əməli nəticəsidir ki, Ankara və Bakı İknci Qarabağ savaşından sonra nəinki Cənubi Qafqaz bölgəsində, daha geniş coğrafiyada yeni reallıqlar yaratmaqla beynəlxalq münasibətlər sistemində ciddi aktor rolunda çıxış etməkdədirlər”.

Bunu Lim10.az -a açıqlamasında VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O bildirib ki, “Bir millət, iki dövlət” prinsipi ilə çıxış edən Azərbaycan və Türkiyə bir çox hallarda “Bir millət, bir dövlət” kimi addım atırlar: “Əsrin fəlakəti kimi tarixə düşən 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli dağıdıcı zəlzələ zamanı Azərbaycan dövləti və xalqının bu fəalkətə dərhal reaksiya verməsi və səfərbər olması bunun bariz nümunəsidir. Azərbaycan dövləti və insanı bir nəfər kimi qardaş ölkənin yanında oldu. Cənab Prezident İlham Əliyevin iyunun 19-da Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışında çıxışı zamanı dediyi kimi Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. “İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirdi. 

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”, - Prezident İlham Əliyev qeyd edib.
Azərbaycan dövləti qardaşlıq borcunu yerinə yetirərək dara düşən qardaşının təkcə dərdinə şərik olmasdı, həm də bunu öz faciəsi hesab edərək qardaşına əməli yardım göstərdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə zəlzələ nəticəsində dağılan Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsinin yenidən qurulmasını öz üzərinə götürdü. Qısa zamanda Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.
Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 27,6 hektar ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa edilib. Bundan əlavə olaraq burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

“Azərbaycan” məhəlləsinin yenidən qurularaq sahiblərinə təqdim edilməsini isə sözlə ifadə etmək mümkün deyil. 

Cənab Prezident İlham Əliyev açılış mərasimində bunu qardaşlığın rəmzi adlandıraraq deyib: “Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır: “Fəlakət xəbərini alar-almaz "Səninləyəm, Türkiyəm!" deyərək qardaş köməyi başladan, avtomobilinin damına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var.

“Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. 

Burada böyük məmnunluqla demək istəyirəm ki, cənab İlham Əliyevin liderliyi ilə yardım edən bu qardaşlıq əli Maraşın qəlbinə qardaşlıq möhürünü vurub. Burada atılan hər addımda, vurulan hər mismarda, - istər Anadoluda, istər Azərbaycanda olsun, - türkün alın təri, səmimiyyəti və duası vardır”. 

Bu qardaşlıq əbədi və sarsılmazdır. Bunu kimsə poza bilməz. Bu qardaşlıq hər iki ölkənin lideri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da dərinləşəcək. Qardaşlığımız, birliyimiz və həmrəylimiz nəticəsində iki qardaş ölkənin və bütövlükdə Türk dünyasının qarşısındakı bütün məsələlər və arzular reallığa çevriləcək”.

Mürtəza
Lim10.az