Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə Pekin arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.
Lim10.az xəbər verir ki, o, bu barədə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.
“Ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm. Biz artıq iki mühüm sənəd qəbul etdik və imzaladıq. Ötən il bu, strateji tərəfdaşlıq haqqında Bəyannamə idi, bu il isə hərtərəfli strateji tərəfdaşlıq sənədidir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada nail olduğumuz üçün məmnunluq hissi keçirirəm”, - Prezident bildirib.
İlham Əliyev vurğulayıb ki, bu yaxınlarda Çin Azərbaycan vətəndaşları üçün viza rejimini tamamilə ləğv edib.
"Düşünürəm ki, bu, vətəndaşlarımız arasında birbaşa təmasların və əlaqələrin daha da intensivləşməsinə imkan yaradacaq. Biz daim bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Azərbaycan hər zaman açıq şəkildə bəyan edib ki, Tayvan və digər məsələlərlə bağlı Çin Xalq Respublikasının mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz ‘Vahid Çin’ siyasətidir və bu, Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur”, - dövlət başçısı vurğulayıb.