ABŞ və İran nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı razılığa çox yaxın olublar, lakin bu proses İsrailin İran ərazisini bombalamağa başlaması ilə dayanıb.
Lim10.az xəbər verir ki, The American Conservative jurnalının yazarı Ted Snaiderin məqaləsində bildirilib.
Snaiderin fikrincə, 2024-cü il mayın 23-də Romada keçirilən danışıqlarda tərəflər iki qarşılıqlı qəbul edilə bilən variant üzərində razılaşmaq üzrə idilər: birinci variant İranın uranın zənginləşdirilməsinə müəyyən hədd qoyması və bu prosesin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən nəzarətdə saxlanılması, ikinci variant isə uranın zənginləşdirilməsinin İran ərazisində beynəlxalq konsorsium vasitəsilə həyata keçirilməsi idi.
Kinsi İnstitutunun məsul dövlət idarəçiliyi üzrə vitse-prezidenti Trita Parsi The American Conservative jurnalına verdiyi müsahibədə bildirib ki, bu iki model həm İran rəhbərliyini, həm də ABŞ prezidenti Donald Trampın administrasiyasını qane edirdi və beləliklə, İranın nüvə məsələsi ilə bağlı sülh yolu ilə razılaşma əldə etmək mümkün idi.
Lakin məqalədə qeyd olunur ki, ABŞ prezidenti hərbi variantı üstün tutdu — İsrailin İrana qarşı hava hücumlarını dəstəklədi və daha sonra ABŞ ordusuna İranın nüvə obyektlərinə zərbə endirilməsi əmri verdi. Nəticədə Tehranla Vaşinqton arasında dialoqun bərpası üçün səylər qarşılıqlı etimadsızlıq uçurumuna tuş gəldi.
Snaider vurğulayır ki, tərəflər arasında mümkün diplomatik irəliləyişə real zəmin yaranmışdı, lakin hərbi eskalasiya danışıqlar prosesini pozdu və vəziyyətin yenidən kəskinləşməsinə səbəb olub.