Gündüz həkim və komandasına bir nənənin təşəkkürü

Son illərdə tez-tez eşidirik: "Bizdə səhiyyə yoxdur", "Yaxşı həkimlər xaricə gedib"... Bu cür ümumiləşdirmələr nə qədər doğrudur? Mən isə hər zaman söyləmişəm və yenə də deyirəm – bizim çox savadlı və təcrübəli həkimlərimiz var! Təbii ki, hər sahədə olduğu kimi səhiyyədə də istisnalar var, amma bir neçə mənfi hal ümumi mənzərəni kölgədə buraxa bilməz.

Bu gün yazmasaydım, vicdanım qarşısında haqsızlıq etmiş olardım. Çünki “aşıq gördüyünü çağırar” – mən də yaşadıqlarımı bölüşmək istədim.

5 yaşlı nəvəm uzun müddətdir ki, nitq qüsurundan əziyyət çəkir. Son günlər isə daha narahatedici vəziyyət ortaya çıxdı: yeməkdən imtina edir, qarın ağrısı keçirir, su içərkən belə ağzında saxlayıb geri qaytarırdı. Uşağın bağça müəllimi Aysel xanım zəng edib vəziyyəti bizimlə bölüşdü. Eyni hal evdə də təkrarlandığı üçün dərhal həkimə müraciət etdik.

Aparılan ilkin analizlər təmiz çıxsa da, ultrasəs müayinəsində Dr. Mərdan uşağın bağırsağında yad cism olduğunu ehtimal etdi və rentgen müayinəsi tövsiyə olundu. Biz nəvəmizi Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna apardıq və birbaşa baş həkim Dr. Gündüz Ağayevin qəbuluna yazıldıq.

Dr. Ağayev zəruri müayinələrin aparılmasını tövsiyə etdi. Zond proseduru üçün Dr. Dilarə xanım, rentgen üçün isə Şüa diaqnostika şöbəsinin müdiri Dr. Nərgiz Xanəliyeva ilə məsləhətləşdik. Məhz Dr. Nərgiz xanım, rentgen görüntüsündə yad cismin qolbaq olduğunu dəqiq şəkildə müəyyənləşdirdi.

Əsl səbəb isə çox sarsıdıcı idi: nəvəm psixoloji narahatlıqdan dolayı tük yeyirdi və bu tüklər qolbağı bağırsaqda ilişdirərək iltihaba səbəb olmuşdu. Allahın köməyi və həkimlərin vaxtında müdaxiləsi nəticəsində ağır əməliyyat keçirildi və nəvəm ikinci dəfə dünyaya gəldi.

Bu çətin gündə əlimizdən tutan, övladımızı həyata qaytaran hər kəsə dərin minnətdarlığımı bildirirəm. İlk növbədə xəstəxananın baş həkimi, uşaq cərrahı Dr. Gündüz Ağayevə, həmçinin xəstəxanada nəvəmizin sağlamlığı uğrunda əməyi keçən hər bir şəxsə dərin təşəkkürümü bildirirəm. Əvvəla, əməliyyat və müalicə prosesində iştirak edən Dr. Aytən xanım, Dr. İnqilab bəy, Dr. Nurlana xanım, həmçinin gülərüz və qayğıkeş tibb bacıları Aygün xanım və Mehriban xanım, tibb işçiləri Kübra xanım, Əsli xanım, Nahidə xanım və bütövlükdə bizi əhatə edən bütün tibbi personal – hər birinizin əməyi unudulmazdır.
Ən böyük təşəkkürüm isə şübhəsiz ki, nəvəmizi həyata qaytaran uşaq cərrahı, baş həkim Dr. Gündüz Ağayevə düşür. Çox ağır və riskli əməliyyat baş tutdu, şükürlər olsun göydə Allah, yerdə Gündüz həkim bizə ikinci dəfə sevinc yaşatdı.
Mən Dr. Gündüz Ağayevi uzun illərdir tanıyırdım, onun bir uşaq cərrahı kimi peşəkarlığı və insani dəyərləri hər kəsin dilindədir. Hər zaman eşitmişdim ki, insanlar ona dua edir. Bu gün isə mən özüm də bütün dualarımı Gündüz həkimə yönəldirəm.

Allah şəfaverən əllərinizi qorusun, sizə qüvvət və uzun ömür versin! Əminəm ki, sizin kimi həkimlər olduqca, həyat uğrunda mübarizə də qalib gələcək, ölüm sayı azalacaq.
Biz anaların, nənələrin, valideynlərin duaları sizinlədir – Rəbbim bu duaları sizə çatdırsın, sizə bərəkət bəxş etsin!
Dr. Gündüz Ağayev Azərbaycanın Əməkdar həkimi, Tibb üzrə Fəlsəfə Doktoru, tanınmış uşaq cərrahıdır. 35 tezis, 38 elmi məqalə, 1 monoqrafiya və 1 elmi ixtiranın müəllifidir. Uşaqlarda bağırsaq invaginasiyası üzrə elmi araşdırmaları ilə tanınır.
Minlərlə uşağın həyatını xilas etmiş Dr. Gündüz Ağayev peşəkarlığı və insanlığı ilə ailələrin inamını qazanmış həkimdir.

Xanım Bağırlı