Mərkəzi Nəbatat Bağı ilə bağlı daha bir iddia irəli sürülüb.
Lim10.az xəbər verir ki, ötən həftə azyaşlını ilan sancması xəbərləri ilə gündəmə gələn Bağda bu dəfə də uşaqların zəhərləndiyi bildirilir.
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
“Bir neçə gün əvvəl qızım dostları ilə birlikdə getdiyi Mərkəzi Nəbatat Bağından zəhərlənmiş vəziyyətdə gəlib. Uşaqlar günlərdir çox ağır vəziyyətdədir. Oradakı piknik bölgəsində dərmanlama işləri getdiyi halda heç bir yazı, məlumat olmadığını dedilər. Vəziyyət o qədər ağırdır ki, dərmanlar sağalmasına kömək etmir. Bu insanlıq deyil, biabırçılıqdır. Uşaqlar ölə bilərdi. Çox ehtiyatlı olun, ora qəti şəkildə getməyin”, - deyə Məhbubə Məmmədli adlı sosial şəbəkə istifadəçisi yazıb.
Xanım daha sonra dərmanlanma işlərinin aparılması barədə Bağın sosial şəbəkə hesabında edilən paylaşımı görüb.
“Qanda allergiya o qədər yüksək çıxdı ki, uşaqlar 10 gündür ağır dərmanlarla müalicə alır, sağalma gec gedir. Nəyə görə bu qədər ağır dərmanlar olduğu halda piknik bölgəsini açıq saxlamısınız?! Heç olmasa, hansı dərman olduğunu paylaşın ki, uşaqları doğru müalicə edə bilək. Həkimlər də nə olduğunu anlamır”, - deyə valideyn qeyd edib.
M.Məmmədlinin paylaşımına reaksiya verən digər valideynlər də eyni halla üzləşdiklərini yazıblar.
Məsələ ilə bağlı Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədr müavini Natiq Allahverdiyevlə əlaqə saxladıq. O, Lim10.az -a açıqlamasında ötən ilin noyabrında öz ərizəsi ilə işdən çıxdığını deyib:
“Biz 4 il ərzində Mərkəzi Nəbatat Bağında əlimizdən gələni etdik. 2024-cü il noyabrın 25-dən ərizə yazaraq işdən getdim. Ondan sonra oradan məlumatım yoxdur. Olanları mətbuatdan oxuyuram. Təəssüf ki, ki, Mərkəzi Nəbatat Bağında 80% qurumuş ağacları geriyə qaytaran alimlər də artıq orada deyil. Heç kim yoxdur. Bütün bu məsuliyyət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizovun üzərindədir”, - deyə o söyləyib.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Bir saat ərzində cavab verəcəklərini desələr də, heç bir açıqlama verilməyib.
Qeyd edək ki, ötən həftə Mərkəzi Nəbatat bağında 7 yaşlı oğlan uşağını ilan sancması barədə məlumat yayılıb. Qurum əvvəlcə bağa təcili yardım daxil olmadığını bildirsə də, daha sonra sosial şəbəkələrdə məlumat yayaraq bildirib ki, bağda istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür.
Billurə Yunus