Azad olunmuş ərazilərə qayıdış prosesi sürətlənib. Bəs regionlarda yerləşən məcburi köçkün məktəblərinin kollektivi və müəllim heyətinin fəaliyyəti necə olacaq? Onlar da köçürüləcək?
Lim10.az report.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri aparılır.
Qeyd edilib ki, proses çərçivəsində digər infrastruktur obyektləri ilə yanaşı, ümumi və məktəbəqədər təhsil müəssisələri də yenidən qurulur. Ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən və müstəqil binası olan məcburi köçkün məktəblərinin tədricən yerləşdikləri rayon və şəhərlər üzrə Regional Təhsil İdarələrinin tabeliyinə verilməsi planlaşdırılır. Uyğunlaşdırılmış binalarda yerləşən müəssisələrin isə optimallaşdırılması istiqamətində işlər aparılır.
"Qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirəcək ümumi təhsil müəssisələrinin kadr təminatı ilkin olaraq həmin müəssisələrin sözügedən ərazilərə köçən pedaqoji kadrları vasitəsilə təmin edilir. Qeyd olunan müəssisələrin işğaldan azad olunmuş ərazilərə köçməyən pedaqoji kadrlarının yaxın ərazidə yerləşən digər müəssisələrdə fəaliyyətlərini davam etdirmələrinə dəstək göstərilir", - Agentlikdən vurğulanıb.