Borçalıda aşıq Paşanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bolnisi rayonu, İncəoğlu kəndində saz-söz ustadı Aşıq Paşanın (Yaqublu) 100 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
1925-ci ildə dünyaya gələn, uşaq yaşlarında gözlərini itirməsinə baxmayaraq, gənc yaşlarından aşıq sənətinə bağlanan və bu sənətə böyük töhfələr vermiş Aşıq Paşa 1981-ci ildə 56 yaşında vəfat edib.
Tədbirdə Borçalının müxtəlif bölgələrini əhatə edən görkəmli ziyalılar, şairlər, aşıqlar, İncəoğlu və qonşu kəndlərin əhalisi iştirak ediblər.
Yaradıcılıq gecəsində tədbirin təşkilatçıları Etibar Yaqublu və Ayaz Bulud, professsor Mahmud Kamaloğlu, Ardahan universitetinin professoru Şurəddin Məmmədli, “Təhsil” qəzetinin redaktoru, şair-publisist Əlixan Yəhyaoğlu, Çingiz Yaqublu (müəllim), şairlərdən Sərxan Candarlı, Səadət Buta və Rəşid Yaqublu çıxış etmişlər.
Tədbirdə Aşıq Paşa və saz-söz sənəti, aşıq yaradıcılığı haqqında danışan və sazda ifa edən aşıqlar Şahbaz (Qaçağan), Yüksəl Yıldız oğlu (Türkiyə), Xıdır (Kosalı), Novruz (Hacılar), Vəli Cəfərli, Orxan Keçəli, Elşad (Kürüstü Kəpənəkçi), Mirzə (Kürüstü Kəpənəkçi), Gülayət Mehdi (Roza), İncəoğlu aşıqları Ayaz Bulud, Meydan İncəli və Novruz Yaqublunun, həmçinin tədbirə əlavə bir rəng qatan İncəoğlunun “5-lər rəqs qrupu”nun rəqsləri yaddaşlarda qalacaq bir tarix kimi qiymətləndirilib.
Tədbirdə Aşıq Paşanın həmkəndliləri və doğmaları - 90 yaşlı Niyar nənə, Unus İsgəndərli, Simnaz Yaqublu, Hamlet Yaqublu, qızı Solmaz onun haqqında xatirələrini danışmışlar.
Çıxış edənlər bu tədbirin bir ənənəyə çevrilməsini və gələcəkdə Borçalının digər bölgələrində də saz-söz sənəti adamlarının bir araya gətirilməsinin zəruriliyini bildirmişlər.