Fransanın paytaxtı Parisdəki Luvr Muzeyindən qaçan oğruların 88 milyon avro dəyərində zinət əşyalarını oğurladıqları görüntülər ortaya çıxıb.
Lim10.az NTV-yə istinadla xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videoda təhlükəsizlik jileti geyinmiş bir kişinin əsərlər və zinət əşyaları olan şüşə arakəsməyə çox yaxın dayandığı görünür.
Mühafizəçilər tərəfindən çəkilən başqa bir görüntüdə üzləri örtülü iki soyğunçunun yük liftindən tez bir zamanda enərək motosikletlə sürətlə uzaqlaşması öz əksini tapıb.
Paris Prokurorluğu istintaqın davam etdiyini və oğurlanmış doqquz zinət əşyanın hələ də tapılmadığını açıqlayıb.
Qeyd edək ki, 19 oktyabr səhər saatlarında 4 oğru hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min sənət əsərinin nümayiş olunduğu məşhur Luvr Muzeyinə gedib. Onlar binanın xaricindəki yük maşınının yük liftindən istifadə edərək pəncərəni sındırıb tac cəvahiratlarının nümayiş olunduğu Apollo Qalereyasına daxil olublar.
Oğrular 9 sənət əsərini oğurlayıblar və qaçan zaman III Napoleonun həyat yoldaşı imperatriça Yevgeniyaya məxsus tacı yerə atıblar. Tac muzeyin xaricində zədələnmiş vəziyyətdə tapılıb. Oğrular daha sonra hadisə yerindən motosikletlərlə qaçıblar.
Billurə