Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib. 

Lim10.az xəbər verir ki, sanksiyaya Rusiyanın enerji sektorundan gəlirlərini məhdudlaşdırmaq, maliyyə məhdudiyyətlərini gücləndirmək və üçüncü ölkələr vasitəsilə yan keçid sxemlərinə nəzarəti gücləndirmək məqsədi daşıyır. 

Yeni sanksiyalar paketinin xülasəsinə aşağıdakılar daxildir:

Aİ Rusiya LNG (mayeləşdirilmiş təbii qaz) idxalına qadağa qoyur. “Rosneft” və “Qazprom Neft”lə əməliyyatlara qoyulan qadağalar sərtləşdirilib. “Kölgə donanmasını” idarə edən Litasco Middle East DMCC məhdudiyyətlərə məruz qalıb və “kölgə donanması” gəmilərinin təkrar sığortasına qadağa qoyulub.
Bundan əlavə olaraq həm Rusiya banklarına. Həm də onlarla əməkdaşlıq edən xarici ölkə banklarına sanksiyaların tətbiqi nəzərdə tutulub.

Rusiyalı diplomatların Aİ ölkələrinə girişinə məhdudiyyət qoyulacaq. 
Sanksiyalar Rusiya hərbi-sənaye kompleksinin iş adamlarına və şirkətlərinə, həmçinin BƏƏ və Çindən ikili təyinatlı məhsulların tədarükçülərinə qarşı tətbiq edilib.

Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən 45 şirkətə, o cümlədən CNC maşınları, elektronika, dron və texnologiya tədarükçülərinə məhdudiyyətlər qoyulub. Avropa şirkətlərinə Rusiyada turizm xidmətləri göstərmək qadağan edilib.

Mürtəza