88 milyon avroluq oğurluq olmuşdu: Luvr muzeyindən gözlənilməz addım - FOTO

88 milyon avroluq oğurluğun baş verdiyi məşhur Luvr Muzeyində nümayiş etdirilən bəzi zinət əşyaları başqa yerə köçürülüb.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, soyğunun hədəfi olan muzeyin Apollo Qalereyasında qalan zinət əşyaları dünən səhər polisin müşayiəti ilə Fransa Bankına köçürülüb.

19 oktyabrda muzeydən tarixi zinət əşyaları oğurlayan dörd oğrunun axtarışı davam edir və muzeydə təhlükəsizlik tədbirləri artırılıb. 

Təhlükəsizlik tədbirləri çərçivəsində Fransa Bankına köçürülən zinət əşyalarının nə vaxt yenidən sərgilənəcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, 19 oktyabr səhər saatlarında 4 oğru hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min sənət əsərinin nümayiş olunduğu məşhur Luvr Muzeyinə gedib. Onlar binanın xaricindəki yük maşınının yük liftindən istifadə edərək pəncərəni sındırıb tac cəvahiratlarının nümayiş olunduğu Apollo Qalereyasına daxil olublar.

Oğrular 9 sənət əsərini oğurlayıblar və qaçan zaman III Napoleonun həyat yoldaşı imperatriça Yevgeniyaya məxsus tacı yerə atıblar. Tac muzeyin xaricində zədələnmiş vəziyyətdə tapılıb. Oğrular daha sonra hadisə yerindən motosikletlərlə qaçıblar.

Billurə Yunus