Bakıda 8 şagird saqqızdan zəhərlənib? - RƏSMİ AÇIQLAMA

Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdinin ötən həftə saqqızdan zəhərlənməsi barədə iddialar araşdırılıb.

Bu barədə Lim10.az -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Sınaq nəticələrinə əsasən, həmin saqqız məhsulunda uyğunsuzluq aşkarlanmadığı bildirilib:

“Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub. 
Agentliyin əməkdaşları tərəfindən ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin satış vitrinində və anbarda yararlılıq müddəti bitmiş, saxlanma qaydasına əməl olunmayan saqqız məhsulları aşkarlanmayıb. “Dirol” əmtəə nişanlı saqqız məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən, həmin saqqız məhsulunda uyğunsuzluq aşkarlanmayıb.

Məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim edilən qida məhsullarının isə saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub”.

Billurə Yunus