MUSTAFA KAMAL ATATÜRK: TÜRK DÜNYASININ ƏBƏDİ LIDERI

III HİSSƏ
Mustafa Kamalın uşaqlıq və təhsil illəri
Tarix boyu böyük liderlərin şəxsiyyətinin formalaşması məsələsi həm tarixşünaslıqda, həm də siyasi psixologiyada mühüm tədqiqat mövzusu olmuşdur. Ənənəvi yanaşmalarda liderlik daha çox yetkinlik dövründə əldə edilən bacarıqlar və siyasi imkanlarla izah edilsə də, müasir elmi tədqiqatlar lider şəxsiyyətinin köklərinin məhz uşaqlıq dövründə formalaşdığını göstərir. Atatürk, Napoleon Bonapart, Abraham Lincoln, Nelson Mandela, Mahatma Gandhi, Winston Churchill və digər liderlər nümunəsində aparılan araşdırmalar göstərir ki, fərqli coğrafiya və mədəniyyətlərə baxmayaraq, bu tarixi şəxsiyyətlərin uşaqlıq həyatında struktur baxımından oxşar psixoloji və sosial faktorlar mövcuddur. Nədir onlar? Erkən yaşda travma və məhrumiyyət faktoru. Bir çox tarixi liderin uşaqlıq dövrü ciddi psixoloji və sosial sarsıntılarla müşayiət olunmuşdur. Atatürkün atasını erkən itirməsi, Abraham Lincoln-un dərin yoxsulluq şəraitində böyüməsi, Nelson Mandelanın ailə statusunun qəfil dəyişməsi və Napoleon Bonapartın etnik və sosial təcridə məruz qalması bu faktora nümunədir. Psixoloji tədqiqatlara görə, erkən travma fərdin adaptasiya qabiliyyətini və stresə davamlılığını artırır. Bu tip təcrübələr gələcək liderlərdə passiv uyğunlaşma deyil, aktiv mübarizə davranışı formalaşdırır. Beləliklə, məhrumiyyət liderlik potensialının inkişafında katalizator rolunu oynayır. Erkən müstəqillik və məsuliyyət hissinin formalaşması. Araşdırılan liderlərin əksəriyyəti uşaqlıq dövründə ya ailə, ya da sosial şərait səbəbindən erkən yaşda məsuliyyət daşımağa məcbur olmuşdur. Bu, onların qərarvermə bacarığını və müstəqil düşünmə qabiliyyətini sürətlə inkişaf etdirmişdir. Təhsilə və intellektual fəaliyyətə güclü meyl. Böyük liderlərin uşaqlıq və yeniyetməlik dövründə müşahidə edilən əsas ortaq cəhətlərdən biri oxumağa və düşünməyə olan intensiv maraqdır. Kitab, tarix və ideya ilə erkən təmas onların dünyagörüşünün sistemli şəkildə formalaşmasına imkan vermişdir. Napoleonun hərbi tarixə, Churchillin tarixi yazılara, Atatürkün fəlsəfə və siyasət nəzəriyyəsinə marağı liderliyin intellektual əsaslarını gücləndirmişdir. Bu faktor liderləri yalnız praktik siyasətçi deyil, eyni zamanda ideoloq səviyyəsinə yüksəltmişdir. Sosial uyğunlaşmazlıq və fərqlilik hissi. Bir çox lider uşaqlıqda yaşıdları ilə tam uyğunlaşmayan, bəzən tənhalığa meylli fərdlər olmuşdur. Sosial uyğunlaşmazlıq onların kütləyə inteqrasiya etməsindən çox, kütlədən fərqlənməsinə və onu yönləndirməsinə zəmin yaratmışdır. Bu fərqlilik hissi gələcəkdə kütlə psixologiyasını anlama və idarəetmə bacarığını gücləndirmişdir. Liderlik burada sosial adaptasiyadan deyil, sosial məsafədən qidalanmışdır. Güclü ədalət və ya üsyan motivasiyası. Uşaqlıq dövründə yaşanan haqsızlıq təcrübələri liderlərdə iki əsas psixoloji istiqamət yaratmışdır: normativ ədalət axtarışı və ya radikal üsyan meyli. Gandhi və Mandela daha çox əxlaqi ədalət xəttini seçmiş, Napoleon və Stalin isə güc mərkəzli dəyişiklik yoluna üstünlük vermişdir. Hər iki halda ortaq cəhət passivlikdən imtina və mövcud vəziyyəti dəyişdirmə iradəsidir. Rol modeli və mentor fiqurların təsiri. Liderlərin uşaqlıq və yeniyetməlik dövründə qarşılaşdığı müəllimlər, hərbi rəhbərlər və ideoloji mentorlar onların liderlik davranışlarını strukturlaşdırmışdır. Bu fiqurlar liderlik modelinin praktiki və normativ çərçivəsini formalaşdırmışdır. Mentorluq faktoru liderliyin anadangəlmə deyil, öyrənilə bilən sosial davranış olduğunu təsdiqləyir. Daxili missiya və tarixi rol şüuru. Araşdırılan liderlərin əksəriyyətində erkən yaşlardan etibarən adi həyatla kifayətlənməmək və tarixi rol oynamaq hissi müşahidə olunur. Bu daxili missiya hissi onları uzunmüddətli məqsədlərə fokuslanmağa və şəxsi rifahı kollektiv ideala tabe etməyə sövq etmişdir. Nəticə olaraq onu demək olar ki, dünyada iz buraxmış liderlərin uşaqlıq dövrü təsadüfi fərdi təcrübələr toplusu deyil, müəyyən struktur oxşarlıqlara malik formalaşdırıcı mərhələdir. Çətinlik, intellektual inkişaf, sosial fərqlilik və missiya şüuru lider şəxsiyyətinin əsas sütunlarını təşkil edir. Gəlinən nəticələr liderliyin yalnız siyasi imkanlarla deyil, erkən psixoloji və sosial formalaşma ilə izah edilməsinin zəruriliyini ortaya qoyur. Bu konteksdən Mustafa Kamal Ataürkün həyatının uşaqlıq və erkən dövrünə nəzər yetirək.
Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı imperiyasının vilayəti olan Salonikidə (İndi Yunanıstanın tərkibində bir şəhərdir) hazırda muzey olan Kocakasım Paşa məhəlləsindəki İslahhane küçəsindəki üç mərtəbəli pəmbə rəngli bir evdə anadan olub. Atası Əli Rza Əfəndi, anası isə Zübeydə Xanım idi. Əli Rza Əfəndi ata babasının xatirəsinə üçüncü oğluna Mustafa adını qoydu.
Atatürkün həm atası, həm də anası tərəfindən əcdadı Rumelinin fəthindən sonra Anadoludan bölgəni türkləşdirmək üçün köç edərək orada məskunlaşan "Yörük" (Yürük) və ya "Türkmən" xalqına dayanır.
Mustafa Kamal Atatürkün ata tərəfdən əcdadları Qaramandan gəlmiş və Manastır əyalətinin Debre-i Bala rayonunun bir hissəsi olan Kocacıkda məskunlaşmışlar. Kocacık, indiki Makedoniyada Albaniya sərhədinə yaxın bir şəhər olan Debre'nin bir bölgəsidir. Ailə sonradan Salonikiyə köçmüşdür Babası Əhməd və babasının qardaşı Hafiz Mehmet Eminin daşıdığı "Qırmızı" ləqəbindən və məskunlaşdıqları rayonun adı olan "Kocacık"dan da göründüyü kimi, Mustafa Kamalın ata əcdadı Anadolunun türkləşməsində mühüm rol oynamış "Qızıl-Oğuz" və ya "Kocacık Yörükləri/Türkmənləri"ndən gəlir.
Mustafa Kamal Atatürkün ana əcdadı da Konya/Karamandan gəlmiş və Saloniki ilə Manastır arasında yerləşən Vodina Sancakda "Sarıgöl" kimi tanınan "Kayalar" bölgəsində məskunlaşmışdır. Ailə daha sonra bu gün də isti bulaqları ilə məşhur olan Saloniki yaxınlığındakı Lanqazada məskunlaşdı. Babası Feyzullah Əfəndinin daşıdığı "Sofu-zadə" (Sofular) soyadı, eləcə də məskunlaşdıqları Sarıgöl bölgəsindəki yer adları və ailə xatirələri Atatürkün ana tərəfdən əcdadlarının Konya/Karamandan Rumeliyə gələn və buna görə də Rumelidə "Konyarlar" kimi tanınan Yürük türkmən xalqından olduğunu göstərir.
Zübeydə Xanım və Əli Rza Əfəndinin 6 övladı olub. Mustafa ailənin 3-cü uşağı idi və onun iki qardaşı və bir bacısı o vaxt Rumelidə yayılan difteriya epidemiyasından uşaqkən vəfat etdilər. (Mustafadan sonra ailədə iki qız uşağı da doğuldu. Onlardan biri-Naciyə 12 yaşında xəstələnib vəfat etdi. O biri bacısı Məkbulə isə 1956-cı ilə qədər yaşadı.) Mustafa 6 yaşına çatanda-1887-ci ildə təhsilinə anasının istəyi ilə Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində başladı. Mühafizəkar bir ailəyə mənsub olan Zübeydə xanım Mustafanın dini təhsil almasını istəyirdi. Lakin atasının təkidi ilə Mustafa sonradan Şəmsi Əfəndi məktəbinə- o dövr üçün müasir sayılan xüsusi məktəbə keçdi. Mustafa burada ibtidai təhsil aldı. Yeni şagirdinin istedadını və zəkasını qiymətləndirən Şəmsi Əfəndi, gənc Mustafanın məktəbində olmasından son dərəcə məmnun idi. Şəmsi Əfəndi Məktəbindən sonra gənc Mustafa bir müddət Saloniki Mülki Orta Məktəbində oxudu, sonra oranı tərk etdi və 1894-cü ildə Hərbi Orta Məktəbə müraciət edərək təhsilini orada davam etdirdi. Mustafa bu məktəbi çox sevirdi. Sinif yoldaşları arasında zəkası və üstün qabiliyyətləri ilə tez bir zamanda fərqlənərək müəllimlərinin sevgisini qazandı. Bu məktəbdə riyaziyyat dərsi verən kapitan Mustafa Əfəndi gənc şagirdinin istedadı və zəkasından o qədər təsirlənmişdi ki, onu sinifdəki digər Mustafalardan fərqləndirmək üçün adının sonuna "Kamal" adını əlavə etdi. Gənc şagirdin adı artıq Mustafa Kamal idi...
Mustafa Kamal Saloniki Hərbi Orta Məktəbini bitirdikdən sonra 13 mart 1896-cı ildə Monastir Hərbi Liseyinə daxil oldu. Orada o, sonradan məşhur natiq olan və Birinci Dünya Müharibəsi zamanı Xüsusi Təşkilat dəstəsində komandir kimi xidmət edərkən tif xəstəliyindən ölən Ömər Naci ilə dostlaşdı. Ömər Naci Mustafa Kamalın natiqlik və ədəbiyyata olan sevgisini inkişaf etdirməkdə fəal rol oynadı. Mustafa Kamalın yaxın dostlarından biri olacaq Əli Fəthi (Okyar) da bu məktəbin tələbəsi idi. Hərbi təhsili ilə yanaşı, gənc Mustafa Kamal xarici dil öyrənməyə də laqeyd qalmadı. Salonikidə yay tətili günlərində fransız dili dərsləri almağa basşlsdı.
Gənc Mustafa Kamal Monastir Hərbi Liseyini uğurla bitirdi və 13 mart 1899-cu ildə İstanbuldakı Hərbi Kollecinə daxil oldu. Üç illik uğurlu hərbi təlimdən sonra 10 fevral 1902-ci ildə hərbi akademiyanı leytenant rütbəsi ilə bitirdi və təhsilini Hərbi Akademiyada davam etdirdi. 1903-cü ildə baş leytenant rütbəsi aldı. 11 yanvar 1905-ci ildə isə Hərbi Akademiyanı ştab kapitanı rütbəsi ilə bitirdi...
HAŞİYƏ- Mustafa Kamalın uşaqlığı çox ağır və travmalı keçdi. Atası Əli Rza Əfəndinin ticarətdəki uğursuzluğu üzündən ailənin maddi vəziyyəti pisləşdi. Üstəlik Əli Rza Əfəndi ağır vərəm xəstəliyinə mübtəla oldu. 7 yaşında atasını itirməsi və bunun ardınca Salonikidə bir tacirin Əli Rza Əfəndinin ona borcu varmış iddiası ilə məhkəməyə müraciət edib evlərini ələ keçirmək istəməsi
Mustafa Kamalın beynində dərin izlər buraxdı. Ailə yükünün anası Zübeydə xanımın üstünə düşməsi səbəbindən maddi sıxıntılara rəğmən Mustafanın təhsilini yarımçıq qoymaq ehtimalı var idi. Lakin anası Mustafanın təhsil alması üçün əlindən gələni etdi. Pəmbə evi kirayə verib Langozaya-qardaşının yanına köçdü Zübeydə xanım. Orada bir müddət qaldıqdan sonra Mustafa Salonikiyə döndü və xalasının evində qalaraq təhsilini davam etdirdi. Az sonra Zübeydə xanım da Salonikiyə qayıtdı və pəmbə evdə yaşamağa başladılar...
Uşaqlıq və təhsil illərində Mustafa Kamalın liderlik siqnalları
Mustafa Kamala atasından modern dünyagörüşü və məntiqli düşünməni, anasından isə intizam və iradə xüsusiyyətlərini mənimsədi. Bu iki fərqli xarakterin sintezi olan sərt intizam və praqmatik düşüncə Mustafa Kamal Atatürkün qərar vermə üslubunda həyatı boyu görünəcəkdi. Ümumiyyətlə, Atatürkün təhsil yolunda iki mühüm mərhələni qeyd etmək lazımdır.
1. Şəmsi Əfəndi məktəbi- Osmanlıda modern təhsili tətbiq edən nadir məktəblərdən biri idi. Burada Atatürk riyazi düşüncə, analitik məntiq, nizamlı iş və mədəniyyəti qazandı. Bu məktəbi Atatürkün dünyagörüşündə əsl dönüş nöqtəsi saymaq olar. 2. Hərbi Məktəblər- Hərbi məktəblərdədə Atatürkün planlaşdırma qabiliyyətinin, liderlik davranışlarının, intizamının, strateji düşüncə xarakterinin təməli qoyuldu...
Atatürk 7 yaşında atasını itirdi. Bu hadisə balaca Mustafada psixoloji yetkinləşməni sürətləndirdi, ailədə məsuliyyət yükünü artırdı, özünə güvən və özünü idarə etmə bacarığını sərtləşdirdi. Travma nəticəsində Mustafanın xarakterində tənhalıq içində daxili güc yığmaq, duyğuları nəzarətə almaq, çətinlikləri problem kimi görməmək vərdişləri formalaşdı. Məhz bu xüsusiyyətlər gələcəkdə Atatürkün hərbi qərargahlarda və müharibələrdə ən böyük psixoloji üstünlüklərinə çevrildi.
Psixoloji aspektdən müşahidələrə əsasən Atatürkün uşaq yaşlarında aşağıdakı xüsusiyyətləri açıq görünürdü. Güclü iradə və inad, tənqidi düşüncə, müşahidə qabiliyyəti, özünəinam və təşəbbüskarlıq qısa zaman müddətində hərbi məktəbdə onun qrup liderinə çevrilməsi ilə nəticələndi. Dəyərli oxucu, diqqətinizi digər bir mühüm məqama yönəltmək fikrindəyəm. Müasir psixologiya baxımından Mustafa Kamal Atatürkün Uşaqlıq Modelini belə təsnifləndirmək mümkündür.
1. Erkən məsuliyyət liderliyi modeli. Atasının vaxtsız ölümü və ailənin yükü adətən iradəsi çox güclü liderlər yaradır. 2. Kosmopolit intellektual stimullaşma modeli. Selanik kimi açıq mühitlərdə böyüyən uşaqlar daha yaradıcı və çevik olur. 3. Riyaziyyat, strategiya və müşahidə birləşməsindən ortaya çıxan analitik-intellektual liderlik tipologiyası. 4. Duyğu nəzarəti modeli. Uşaqlıq travması nəticəsində Atatürk hisslərini daim nəzarətdə saxlamağı vərdiş etdi. Bu, onun soyuqqanlı qərarlar verməsində mühüm rol oynadı.
Bütün bunları əsas tutaraq demək olar ki, Atatürkün uşaqlığının və təhsil illərinin liderliyinə verdiyi aşağıdakı 5 əsas təsir faktoru olub.
1. Kosmopolit Selanik mühiti- ona geniş düşüncə, modernlik və çoxmədəniyyətli idarəetmə bacarığı verdi.
2. Atasının ölümü -onun iradəsini, məsuliyyət duyğusunu və psixoloji sərtliyini artırdı.
3. Anasının intizamı – daxili nizam və özünə nəzarətin təməli qoydu.
4. Şemsi Əfəndi məktəbi – onun analitik düşüncəsini və yenilikçiliyini formalaşdırdı.
5. Hərbi məktəb – strateq, təşkilatçı və lider kimi inkişafını tamamladı...
Qeyd etdik ki, Mustafa Kamal Atatürk yaradıcı düşüncəyə sahib bir lider idi. Yaradıcı düşüncə (kreativlik) isə uşaq yaşlarından formalaşan bir qabiliyyətdir və psixologiya, pedaqogika, neyroelmlər üzrə çoxsaylı tədqiqatlar bunu təsdiqləyir. Mustafa Kamal Atatürkün intellektual inkişafı və yaradıcı düşüncə tərzi tədqiqatçılar tərəfindən müxtəlif istiqamətlərdən araşdırılsa da, onun şəxsiyyətinin formalaşmasında Salonikinin (Selanik) mühitinin rolu xüsusi önəm daşıyır. (Saloniki Makedoniyalı İsgəndərin- Böyük İsgəndərin ögey bacısı Tesalonikanın şərəfinə e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən salınıb. Kassandr şəhərə həyat yoldaşı olan Tesalonikanın adını verib.) Mustafa dünyaya gələndə Saloniki şəhərinin 130 min nəfər əhalisi var idi ki, onun da 60 mini türklərdən ibarət idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Saloniki Osmanlı imperiyasının ən dinamik, kosmopolit və intellektual mərkəzlərindən biri sayılırdı. Bu şəhərin sosial, mədəni və siyasi mühiti Atatürkün tənqidi düşüncə, analitik qabiliyyət və yenilikçi baxışlarının formalaşmasında həlledici rol oynadı. Salonikidə türklərlə yanaşı yunanlar, yəhudilər, bolqarlar, ermənilər və levantinlər (Levantinlər əsasən Osmanlı dövründə Şərqi Aralıq dənizi (Levant) bölgəsində yaşamış və formalaşmış, Avropa mənşəli xristian icmalara verilən addır. Mənşəcə italyan, fransız, ispan, malta, qismən ingilis ailələrindən ibarət idi. Əsas yaşayış yerləri bunlar idi: İstanbul, İzmir, Saloniki, İsgəndəriyyə və Beyrut. Əsrlərlə Osmanlı torpaqlarında yaşasalar da, Avropa mədəni kimliyini qoruyublar.)
də yaşayırdı. Bu demoqrafik müxtəliflik Atatürkün fərqli mədəniyyətləri müqayisə etmək, çoxqütblü düşüncə tərzi formalaşdırmaq və hadisələrə geniş perspektivdən yanaşmaq bacarığını gücləndirdi. Çoxmədəniyyətli mühitdə böyümək şəxsiyyətin kognitiv elastikliyini, yəni, fərqli situasiyalara adaptasiya və yeni ideya yaratmaq qabiliyyətini artırır. Atatürkün sonrakı fəaliyyətində müşahidə olunan “çoxvektorlu düşünmə” tərzi məhz buna uyğun psixoloji nəticədir. Saloniki Osmanlı imperiyasının həm də Avropaya ən açıq pəncərələrindən biri idi. Burada Fransız maarifçilərinin əsərləri, Avropa dərgiləri və qəzetləri, pozitiv və liberal fikirlər, müasir hərb nəzəriyyələri daha sürətlə dövr edirdi. Gənc Mustafa Kamal məktəb illərindən etibarən fransız dilinə, Avropa ədəbiyyatına və yeni dövr elmi fikirlərinə maraq göstərirdi. Bu intellektual materiallar onun analitik qabiliyyətlərini inkişaf etdirərək problem həll etmə bacarığını gücləndirdi. Digər tərəfdən Salonikidəki hərbi və mülki məktəblər imperiyanın başqa bölgələrinə nisbətən daha müasir idi. Bu məktəblərdə riyaziyyat, fizika, coğrafiya tədrisi, Fransız pedoqoji metodlarının tətbiqi, sorğu–sual və tənqidi düşüncə əsaslı dərs modeli vasitəsilə şagirdlər analitik düşünməyə alışdırılırdı. Atatürkün riyaziyyat müəllimi Yüzbaşı Mustafa bəy adaşının istedadını görərək ona dərindən düşünmə, səbəb–nəticə əlaqələri qurma və mücərrəd təfəkkürü inkişaf etdirməyi aşılamışdı. Bu, Atatürkün həm hərbi taktikalarda, həm də siyasi qərarlarda göstərdiyi yaradıcı çevikliyin psixoloji təməllərini qoydu.
XIX əsrin sonlarında Saloniki Gənc Türklər Hərəkatının ən güclü mərkəzlərindən idi. Şəhərdə konstitusiya müzakirələri, hürriyyət və idarəçilik debatları, siyasi klublar və gizli birliklər, mətbuat azadlığına yaxın bir mühit vardı. Bu proseslər gənc Mustafa Kamalda tənqidi düşüncə, problemlərə sistemli yanaşmaq, alternativ həll yolları axtarmaq və yenilikçi modellər qurmaq kimi vərdişlər yaratdı. Bu təcrübə sonradan onun dövlətçilik fəlsəfəsində və Milli Mücadilə strategiyasında özünü göstərdi.
Saloniki liman şəhəri idi və dünyanın bütün liman şəhərlərində olduğu kimi burada da beynəlxalq ticarət, xarici dillər, texnoloji yeniliklər, yeni ideyaların sirkulyasiyası daimi idi. Belə mühitdə böyümək Atatürk üçün yeniliyə açıq olmaq, ehtiyatlı risk almaq və qeyri-adi qərarlar vermək kimi yaradıcılıq komponentlərini təbii şəkildə inkişaf etdirdi. Şəhərin intellektual atmosferində müəllimlər, tacirlər, Avropaya səfər etmiş ziyalılar, şəxsi təşəbbüslə maarifçilik aparan insanlar ilə təmas geniş idi. Atatürk müxtəlif sosial təbəqələrdən olan insanlarla ünsiyyət quraraq çoxsahəli düşünmə modeli formalaşdırdı. Saloniki Atatürk üçün sadəcə doğum və uşaqlıq şəhəri deyil, onun yaradıcı düşüncə dünyasının “laboratoriyası” olmuşdur. Şəhərin çoxmədəniyyətli sosial tərkibi, Avropa ideyalarına açıq intellektual mühiti, modern təhsil sistemi, siyasi dinamizmi, iqtisadi ritmi Atatürkün analitik, tənqidi və yaradıcı düşüncə tərzinin inkişafına birbaşa təsir göstərmişdir. Bu səbəbdən Atatürkün xarakterindəki özəlliklərin tam olaraq anlamaq üçün Salonikini yalnız coğrafi məkan deyil, tarixi-psixoloji formalaşma mühiti kimi dəyərləndirmək zəruridir...
Mustafa Kamalda milli şüurun və milli kimliyin formalaşması
Öncə “milli şüur” və “milli kimlik” nədir, sualına cavab axtaraq. Milli şüur- fərdin və ya toplumun özünü müəyyən bir millətə mənsub hesab etməsi, bu mənsubiyyətin tarixi, mədəni, siyasi və mənəvi məzmununu dərk etməsidir. Milli şüurun əsas xüsusiyyətləri tarixi yaddaş – ortaq keçmişin, qəhrəmanların, faciələrin xatırlanması, ortaq taleyin dərk edilməsi – “biz eyni yoldan gəlmişik” düşüncəsi, mənəvi bağlılıq – vətənə, xalqa, dövlətə qarşı məsuliyyət hissi və siyasi oyanış – milli maraqların müdafiəsi zərurətinin başa düşülməsidir. Sadə dillə ifadə etsək, milli şüur – “mən kiməm və kimlərlə birlikdəyəm?” sualına verilən şüurlu cavabdır. Milli kimlik isə bir insanın və ya toplumun obyektiv və subyektiv xüsusiyyətlər əsasında formalaşan milli mənsubiyyətidir. Milli kimliyin əsas elementləri dil, mədəniyyət və adət-ənənələr, tarix, ortaq dəyərlər, simvollar (bayraq, himn, dövlətçilik) və ərazi- vətən anlayışıdır. Başqa sözlə Milli kimlik “bizi biz edən xüsusiyyətlər toplusudur.” Ən önəmlisi odur ki, milli şüur və milli kimlik biri-biri ilə üzvi şəkildə bağlıdır. Birinin varlığı digərinin varlığı, yoxluğu isə digərinin yoxluğu kimi başa düşülməlidir. Çünki Milli kimlik olmadan milli şüur zəif olur. Və Milli şüur olmadan milli kimlik formalaşa bilmir. Obrazlı ifadə etsək, milli kimlik nə olduğumuzdur, milli şüur isə bunu dərk edərək məsuliyyət daşımaqdır. Tarixi konteksdə ənənəvi cəmiyyətdə insanlar ümmətə, dinə və hökmdara bağlılıqla özlərini tanıyırdılar. XVIII–XX əsrlərdə milli şüur sürətlə inkişaf etdi və İnsanlar “təbəə”dən “vətəndaş”a, “ümmət”dən “millət”ə çevrildilər
Müasir anlamda milli şüurun ilk formalaşdığı millətlər əsasən Qərbi Avropada ortaya çıxmışdır. Bu proses spontan yox, mərhələli şəkildə gerçəkləşdi. Milli şüurun ən erkən formalaşdığı millət ingilislərdir. Bunun təsdiqi üçün 810 il bundan əvvəl-1215-ci ildə kral hakimiyyətinin məhdudlaşdırılması üçün ingilis millətinin qəbul etdiyi Magna Carta qanununu göstərmək kifayətdir. Güclü parlament ənənəsinin qoyulması hüquqi və vətəndaş şüurun yaranmasına səbəb oldu.
Xüsus olaraq qeyd etmək lazımdır ki, ingilislərdə milli kimlik ilk olaraq siyasi-hüquqi kimlik kimi formalaşdı. Odur ki, tarixçilər çox vaxt ilk milli şüurlu toplum kimi məhz ingilisləri göstərir. XIV-XVIII əsrlərdə fransızlar xüsusən 100 illik müharibə sonrası “biz fransızlarıq” tezisini irəli sürdü, 1789-cu ildəki Böyük Fransız inqilabından sonra isə millətin suverenliyi ideyası ortaya çıxdı. Və bununla da fransız milli şüuru xalq–vətəndaş–dövlət modeli üzərində quruldu. XVI əsrdə hollandlar İspan imperiyuasına qarşı azadlıq mübarizəsinə qalxdı və ticarət burjuaziyasını gücləndirdi. Nəticədə Hollandiyada milli şüur müstəqillik və iqtisadi maraqlar üzərində formalaşdı. Daha sonra XVIII-XIX əsrlərdə Almaniyada mədəni millət modelinə uyğun alman kimliyi yarandı. Slavyan xalqlarında, ərəb coğrafiyasında, Şərqi Avropada və Türkiyədə isə milli şüur yalnız XIX əsrin sonu XX əsrdə formalaşmağa başladı.
Oxucuya aydın olsun deyə qeyd etmək istəyirəm ki, dünyanın ən qədim xalqlarından olan çinlilər hələ eramızdan əvvəl XX minillikdə mədəni-sivilizasiya sayəsində “Orta Krallıq” quraraq özlərini “Xan xalqı” kimi dərk edirdilər. Konfutsiçilik, ortaq yazı sistemi, imperatorluq ənənəsi Çində mədəni birlik yaratdı. Amma bu, millət deyil, imperiya və sivilizasiya şüuru idi.Yəni, Çinlilər millət yox, imperatorun təbəəsi idi.
Yalnız XIX əsrdə- ingilislərlə Opium müharibələri (1839–1842, 1856–1860), Qərb imperialist güclərinin diqtə etdiyi ağır şərtlər, Çinin alçaldılması və parçalanma təhlükəsi bu dövrdə “Çin xalqı” anlayışı ortaya çıxardı və çinlilərdə “xarici düşmənə qarşı birlik” fikri yarandı...
Türkiyədə milli şüurun və milli kimliyin formalaşmasında Mustafa Kamal Atatürkün fövqəladə rolu olub. O, buna necə nail oldu? Doğrudur, Mustafa Kamaldan öncə də Osmanlıda milli kimlik vardı, lakin siyasi, hüquqi və institusional dövlət kimliyinə çevrilməmişdi. Atatürk bu prosesi ideoloji çağırış səviyyəsindən çıxarıb dövlət əsaslı milli kimliyə çevirdi. Məlumdur ki, Osmanlı imperiyasında əsas kimlik ümmət (din) üzərində qurulmuşdu “Türk” sözü daha çox kəndli, əsgər, aşağı təbəqə mənasında işlədilirdi və dövlətin rəsmi kimliyi Osmanlılıq idi. Yəni,Türk etnik kimliyi mövcud idi, lakin siyasi və milli identiklik statusu yox idi. Mustafa Kamalın beynində milli şüurun dominant olmasında kimlərin rolu oldu? Atatürkdə milli şüurun formalaşması təkcə şəxsi təcrübənin deyil, müəyyən aydınların, müəllimlərin və ideya axınlarının birgə təsirinin nəticəsi idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində türk milli şüurunun ideoloji əsaslarını formalaşdıran aydınlar meydana çıxdı. Belə ki, Ziya Gökalp – millət anlayışını dil, mədəniyyət və tarix üzərində qurdu. Yusuf Akçura – türk millətçiliyini siyasi model kimi irəli sürdü. Əli bəy Hüseynzadə isə türkçülük, müasirlik və islam sintezini ortaya qoydu. Lakin bu ideyalar praktiki dövlət siyasətinə çevrilmədi, yalnız intellektual çevrələrdə yayıldı.
Mustafa Kamal Atatürkdə milli şüuru formalaşdıran bu simalar barədə düşünərkən Ziya Gökalpın adı ilk sırada dayanır. Atatürkə milli şüurun nəzəri və ideoloji çərçivəsini ən güclü şəkildə aşılayan şəxs Ziya Gökalp olmuşdur. Türkçülüyün Əsasları ideyası, ümmət anlayışından millət anlayışına keçid, dil, mədəniyyət və tarix üzərində milli kimliyin qurulması, “Türk milləti” anlayışının modern izahı Atatürkün sonradan həyata keçirdiyi dil islahatı, tarix tezisi və milli təhsil siyasəti birbaşa Ziya Gökalp ideyalarının praktikada tətbiqi sayılır. Tərəddüd etmədən demək olar ki, Əgər Ziya Gökalp türk kimliyinin nəzəriyyəçisidirsə, Atatürk onun dövlət memarıdır. Mustafa Kamal Atatürk Ziya Gökalpi Türk milli ideyasının ən böyük fikir adamı hesab edirdi. Və onun barəsində bu sözləri ifadə etmişdir: “Fikirlərimin atası Ziya Gökalpdir.”
Oxucuları üçün xüsusi maraq kəsb edəcəyini nəzərə alaraq Mustafa Kamal Atatürkün Əlibəy Hüseynzadəyə olan münasibətindəki bir məqamı yazmaq fikrindəyəm. Atatürk Ə. Hüseynzadənin məlum “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu olduğu kimi deyil, xüsusi bir iradla məqbul sayırdı. Atatürk Türkləşməni- milli kimlik, Müasirləşməni- əsas strateji xətt, İslamlaşmanı isə dövlət ideologiyası yox, fərdi inanc kimi qəbul edirdi. Bu səbəbdən də o, Ə. Hüseynzadəni “ideoloji keçid fiquru” kimi qiymətləndirmişdir...
Atatürkdə milli şüurun formalaşmasında mühüm rol oynayan faktorlardan bir digəri də Jön Türklər hərəkatı olmuşdu. Əvvəlcə Jön Türklər Hərəkatının yaranma səbəblərinə diqqət yetirək: XIX əsrin sonu Osmanlı İmperiyası üçün ciddi struktur böhranı ilə yadda qaldı. II Abdülhamid dönəmində sultan hakimiyyəti siyasi fəaliyyətləri sərt şəkildə məhdudlaşdırmış, konstitusiyanı ləğv etmiş və parlamenti buraxmışdı. Avtoritar rejim cəmiyyətdə narazılıq yaratdı və konstitusiyalı idarəetmə tələbləri siyasi müzakirələrin mərkəzinə çevrildi. Bu mühitdə Osmanlı cəmiyyətində konstitusiyaya və daha geniş siyasi hüquqlara yönəlmiş reformist cərəyanlar meydana çıxdı. Belə cərəyanlardan biri də 19 cu əsrin ortalarında yaranmış “Gənc Osmanlılar” idi ki, o da Avropa liberal demokratiya modellərinə əsaslanan siyasi islahatları qarşısına məqsəd qoymuşdu. Onların cəhdləri nəticəsində 1876 cı ildə ilk Osmanlı konstitusiyası qəbul edildi, lakin bu qısa müddət sonra ləğv edildi və sultan hakimiyyəti yenidən avtoritar rejimə qayıtdı. Jön Türk Hərəkatı da elə bu konstitusiyalı idarəetmə arzusunun daha radikal siyasi ifadəsi kimi ortaya çıxdı. Onlar səlahiyyətlərin məhdudlaşdırılmasını, konstitusiyanın bərpasını və parlament sisteminə qayıdışı tələb edirdilər. Jön Türk Hərəkatı (“Young Turks”) 1889 cu ildən başlayaraq Osmanlı cəmiyyətində formalaşmağa başladı. Bu termin müxtəlif reformçu qrupları və intelektual mühitləri əhatə edən geniş koalisiyanı ifadə edirdi. Hərəkat fərqli ideoloji tendensiyaları özündə birləşdirirdi. Demokratlar, liberallar, mərkəzçi millətçilər, konstitusionalistlər və modernizasiya tərəfdarları hərəkatda cəm olmuşdu. Bununla yanaşı Jön Türk Hərəkatının ən güclü və təsirli təşkilatı İttihat və Tərəqqi Cəmiyyəti (İTC) idi. İTC əvvəlcə 1889 cu ildə Tibb Akademiyası tələbələri tərəfindən gizli şəkildə yaradılmışdı, lakin daha sonra bütün imperiya üzrə şəbəkəyə çevrildi. Bu təşkilatın əsas məqsədi sultan II Abdülhamid dönəmində dayandırılmış konstitusiyanın bərpası, siyasi modernləşmə və mərkəzi hakimiyyətin gücləndirilməsi idi.
Jön Türk Hərəkatının ideoloji vəsiyasi məqsədləri bunlardan ibarət idi: 1. Konstitusiyanın Bərpası və Parlamentarizm. Jön Türk Hərəkatının əsas tələbi Osmanlı Konstitusiyasının 1876 cı ildə yenidən qüvvəyə minməsi idi. Bu tələbat 1908 ci ildə baş verən inqilabla reallaşdı. 3–24 iyul 1908 tarixləri arasında baş vermiş Jön Türk İnqilabı nəticəsində sultan Abdülhamid II konstitusiyanı bərpa etməyə məcbur oldu və parlament yenidən açıldı. Bu hadisə Osmanlıda İkinci Konstitusion Dövrün başlanğıcı oldu. Bu dönüşüm Osmanlı siyasi strukturu üçün mühüm addım sayılırdı, çünki konstitusiyalı rejim hakimiyyətin məhdudlaşdırılması, qanunun aliliyi və cəmiyyətin siyasi iştirak imkanlarını artırmağı hədəfləyirdi. 2. Modernləşmə və Dövlətçilik İdeyaları. Jön Türk Hərəkatı islahatları yalnız siyasi konstitusiyaya məhdudlaşdırmırdı. Hərəkat həm də iqtisadi və sosial sahələrdə modernləşmə proqramları təklif edirdi. Bu proqramlar dövlət idarəetmə sisteminin gücləndirilməsi, təhsil islahatı, hüquq sisteminin yenilənməsi və iqtisadi inkişafı əhatə edirdi. Hərəkat daxilindəki müxtəlif fraksiyalar bu islahatların formasını və dərəcəsini fərqli şəkildə görsələr də, hamısı Avropa modellərinə yaxınlaşmağın vacibliyini qəbul edirdilər. 3. Millətçilik və Mərkəzləşdirmə. Jön Türk ideologiyasında millətçilik mövzusu mühüm rol oynayırdı. Onlar Osmanlı imperiyasının çoxmillətli və çoxdinli strukturunu bir “milli birliyə” yönəltmək istəyirdilər. Bu millətçilik anlayışı “Osmanlılıq” və ya “Türk millətçiliyi” kimi müxtəlif formalarda təzahür etdi. İTC nin liderləri xüsusilə mərkəzləşmiş, vahid bir dövlət ideyasını müdafiə edirdilər…
1908 ci ilin iyulunda baş verən Jön Türk İnqilabı Osmanlı dövlətçilik tarixində dönüş nöqtəsi oldu. İnqilab nəticəsində II Abdülhamid konstitusiyanı bərpa etdi, parlament yenidən açıldı və seçkilər keçirildi. Bu yenidənqurma Osmanlı dövlətində siyasi plüralizmin müəyyən dərəcədə artmasına imkan verdi. Lakin bu dönüşüm yalnız formal siyasi dəyişikliklərlə məhdudlaşmadı. İTC bu prosesdən sonra siyasi arenada təsirini artırdı və imperiyanın siyasi həyatında dominant qüvvəyə çevrildi.
İTC nin təsiri 1908 ci ildən sonra daha da artdı və o, imperiyanın siyasətində əsas rol oynamağa başladı. 1909 cu ildə baş verən hərbi çevriliş nəticəsində II Abdülhamid taxtdan salındı. İTC nin söz sahibi olduğu dövrdə imperiyanın daxili siyasəti mərkəzləşdirmə, idarəetmənin modernləşdirilməsi və millətçilik ideyalarının genişləndirilməsi üzərində qurulmuşdu. Jön Türk liderləri Osmanlı imperiyasını modernləşdirmək uğrunda siyasətlər həyata keçirərkən, xarici siyasətdə yanlış hesab etdikləri qərarlar da verdilər. Bir çox tarixi mənbələrə görə, bu liderlər Almaniya ilə yaxınlaşmaq və Mərkəzi Güclər tərəfində I Dünya Müharibəsinə qoşulmaq qərarına gəldilər ki, bu imperiyanın sonu üçün mühüm rol oynadı. İTC-nin xarici siyasət Türkiyə Cümhuriyyətinin yaranmasında müəyyən dərəcədə çevriliş yaratmış olsa da, Osmanlı imperiyası müharibədə məğlub oldu və süquta doğru sürətlə irəlilədi.
1907 ci ildə Mustafa Kamal Salonikidə yerləşən İTC yə qoşuldu və bu hərəkatın bir hissəsi oldu. Onun fəaliyyəti Jön Türk liderləri ilə əməkdaşlıq şəklində xarakterizə olunurdu. Mustafa Kamal hərbi təhsil dövründə siyasi mövzularda aktiv olmasa da, avtoritarizminə qarşı müzakirələrdə fəal iştirak edirdi. Bu dövrdə Atatürk İTC daxilində siyasi proseslərə bilavasitə rəhbərlik etməsə də, bu hərəkatın ideoloji və siyasi fəlsəfəsi onun siyasi düşüncəsinə çox böyük təsir göstərdi…
Mustafa Kamalda milli düşüncənin formalaşmasına çox ciddi təsir edən məqamlardan biri də Balkan müharibələri oldu. Bu dövrdə türk kimliyi açıq siyasi ideologiya kimi deyil, emosional-mənəvi özünüdərk mərhələsində idi. Balkan müharibələri Atatürkün milli düşüncəsində kritik qırılma nöqtəsidir. Türklərin Balkanlardan kütləvi sürgünü Osmanlıçılığın real olaraq öldüyünün sübutu idi. 1912–1913-cü illərdə baş verən Balkan Müharibələri Osmanlı imperiyasının Balkanlardakı siyasi və hərbi mövcudluğuna son qoymaqla yanaşı, bölgədə yaşayan türk-müsəlman əhali üçün kütləvi zorakılıq, etnik təmizləmə və humanitar fəlakətlərlə yadda qaldı. Bu cinayətlər həm müharibə prosesində, həm də müharibədən sonra sistemli şəkildə həyata keçirildi. Osmanlı ordusunun geri çəkildiyi ərazilərdə kənd və şəhərlərdə türk-müsəlman mülki əhali kütləvi şəkildə qətlə yetirilirdi. Xüsusilə Makedoniya, Trakiya (Edirnə ətrafı), Qərbi Trakiya, Kosovo və Şimali Albaniya bölgələrində bu cür qırğınlar geniş yayılmışdı. Minlərlə türk ailəsi evlərindən qovulmuş, malları müsadirə edilmiş, zorla köçməyə məcbur edilmişdi. Qaçqın axını əsasən Anadoluya yönəlmiş və bu proses Osmanlı tarixində “mühacirət faciəsi” kimi yadda qalmışdır. Bu müharibədə Türk kəndləri planlı şəkildə yandırılır, əkin sahələri məhv edilir, məscidlər və dini obyektlər dağıdılırdı. Məqsəd bölgədə türk-müsəlman varlığını daimi şəkildə zəiflətmək idi. Qadınlara və uşaqlara qarşı zorakılıq daha amansız idi. Zorlama, işgəncə, qadın uşaqların öldürülməsi kimi müharibə cinayətləri geniş yayılmışdı. Məscidlər, qəbiristanlıqlar, məktəblər dağıdılmış, Türk-islam mədəniyyətinin izləri silinməyə çalışılmışdır. Bu, yalnız fiziki deyil, həm də mədəni soyqırım xarakteri daşıyırdı Bu hallar təkcə hərbi toqquşmalar zamanı deyil, “təhlükəsizlik əməliyyatı” adı altında da törədilirdi. Müharibə zamanı və sonrasında Avropa və ABŞ-dan olan jurnalistlər, diplomatlar və humanitar təşkilatlar hadisələri sənədləşdirmişdilər. Carnegie Endowment for International Peace tərəfindən hazırlanan 1914-cü il hesabatında Balkan müharibələri zamanı bütün tərəflərin zorakılıqları qeyd edilsə də, türklərə qarşı sistemli qırğınlar və zorla köçürmələr xüsusi vurğulanmışdı. Bir sıra Qərb müşahidəçiləri bu hadisələri “müasir Avropada ən ağır humanitar fəlakətlərdən biri” kimi xarakterizə etmişdir. Nəticə olaraq Balkanlarda əsrlərlə yaşayan türk-müsəlman əhalinin böyük hissəsi bölgədən silindi və ya kəskin azaldı. Yüz minlərlə insan Anadoluya köç etdi. Köç zamanı yollarda aclıq, xəstəlik və hücumlar səbəbindən on minlərlə insan həlak oldu...
Balkan Müharibələri türklərin kollektiv yaddaşında travmatik bir təcrübə kimi qaldı və XX əsrin siyasi düşüncəsinə, xüsusilə də milli dövlət ideyasının güclənməsinə təsir göstərdi. Bu hadisələr Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçid dövründə təhlükəsizlik, milli kimlik və dövlətçilik anlayışlarının sərtləşməsində də mühüm rol oynadı. Şam, Selanik və Makedoniyada xidmət edən Mustafa Kamal çoxmillətli imperiyanın daxili ziddiyyətlərini birbaşa müşahidə etmişdir. Balkan xalqlarının milli dövlətlərini qurması, türk-müsəlman əhalinin isə qorunmasız qalması onda belə bir qənaətin yaranmasına səbəb oldu: “Milləti olmayan dövlət yaşaya bilməz.”.
Balkan Müharibələri XX əsr Avropa tarixində təkcə dövlətlərarası hərbi qarşıdurma deyil, eyni zamanda mülki əhaliyə qarşı genişmiqyaslı zorakılıqların baş verdiyi mühüm mərhələdir. Xüsusilə Osmanlı imperiyasının süqutundan istifadə edən Balkan dövlətləri, bölgədə etnik baxımdan homogen milli dövlətlər yaratmaq məqsədilə türk-müsəlman əhaliyə qarşı sistemli zorakılıq siyasəti yürütmüşlər. Balkan Müharibələri zamanı baş verən kütləvi qırğınlar və etnik təmizləmələr təkcə Osmanlı dövlətini deyil, Atatürkün imperiya, millət və xalq anlayışlarını köklü şəkildə dəyişdirmişdir. Məhz bu hadisələr Mustafa Kamalın düşüncəsində “romantik Osmanlıçılıq”dan “realist milli dövlətçilik” xəttinə keçidi sürətləndirdi. Çünki Atatürk üçün Balkanlar sadəcə bir coğrafiya deyildi. Balkanlar Atatürk üçün doğulduğu yer, ilk siyasi və intellektual təcrübələrini qazandığı mühit və Osmanlı modernləşməsinin mərkəzlərindən biri demək idi. Balkanların itirilməsi Atatürk üçün yalnız torpaq itkisi deyil, tarixi və mədəni bir dünyanın dağılması anlamındaydı. Balkanlardakı hadisələr onun şüurunda “güclü dövlət-təhlükəsiz millət” prinsipini möhkəmləndirdi. Balkan faciəsindən Atatürk o nəticəni çıxardı ki, çoxmillətli imperiya modeli real təhlükəsizlik təmin etmir, etnik və dini fərqliliklər siyasi böhran zamanı ölümcül qarşıdurmaya çevrilir. Atatürkün milli dövlət konsepsiyası birbaşa Balkan travmasının məhsulu idi. Bu konsepsiyada: Millət- müdafiə olunmalı siyasi birlik, Dövlət- millətin varlığını qoruyan mexanizm, Ordu - dövlətin və millətin əsas dayağı kimi göstərildi. Atatürk Balkan faciəsindən sonar duyğusal ideologiyalardan, tarixi iddialardan uzaq duraraq, reallığa əsaslanan siyasəti üstün tutdu. Bu baxış sonradan “Yurdda sülh, cahanda sülh” və sərhədlər daxilində güclü dövlət prinsipləri ilə ifadə olundu. Balkanlarda türklərin qorunmaması, Atatürk düşüncəsində milli suverenliyin və sərhədlərin toxunulmazlığını əsas prinsipə çevirdi. Balkan Müharibələri Atatürk üçün sadəcə keçmişdə qalmış bir hərbi məğlubiyyət deyil, dərin və formalaşdırıcı bir kollektiv travma idi. Bu travma onun siyasi realizmini, milli dövlət anlayışını və təhlükəsizlik prioritetlərini müəyyənləşdirmişdir. Türkiyə Cümhuriyyəti ideyası, böyük ölçüdə Balkanlarda yaşanan faciənin bir daha təkrarlanmaması məqsədinin məhsulu kimi meydana çıxmışdır. Osmanlı İmperiyasının dağılması dövründə Osmanlıçılıq və İslamçılıq ideologiyalarının iflasa uğraması Mustafa Kamalı yeni bir siyasi-subyekt axtarışına yönəltdi. Bu kontekstdə türk kimliyi yalnız etnik mənsubiyyət deyil, suverenlik və müstəqillik daşıyıcısı siyasi millət anlayışı kimi meydana çıxdı. Yuxarıda yazdıq ki, Balkan müharibələri Atatürkün milli düşüncəsində kritik qırılma nöqtəsidir. Bu dövrdən etibarən Atatürk üçün: “ümumi Osmanlı vətəndaşlığı” deyil, “Türk milləti” yeganə real siyasi subyekt hesab olundu. Onu da qeyd etmək lazımdır ki, Mustafa Kamal Atatürkün türkçülüyü romantik-etnik deyil, rasional, siyasi və dövlətqurucu milli kimlik modeli kimi formalaşmışdır. Türk kimliyi Mustafa Kamalın düşüncəsində 1912–1913-cü illərdə ideoloji əsas qazanaraq, 1919-cu ildən etibarən isə açıq şəkildə dövlətçilik prinsipinə çevrildi...



















