Əli Əsədov 2 qərar imzaladı - Yenilənib

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydası təsdiqlənib.

Lim10.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.

Qaydada Proqrama dair müqavilənin bağlanılması, Proqrama tələbə seçimi şərtləri göstərilir.

***

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydası təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarları Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qaydaya əsasən müəyyən edilir.

Proqramın təşkili və həyata keçirilməsi bu qayda ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə olunması Fondun vəsaiti hesabına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019–2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na əsasən yaradılmış Dövlət Proqramını idarəetmə qrupu tərəfindən həyata keçirilir.

Bu Qayda ilə Proqramın həyata keçirilməsinin maliyyələşdirilməsi istiqamətləri, xərclərin ödənilməsi, Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə edən İdarəetmə Qrupu ilə Fond və Proqramı həyata keçirən ali təhsil müəssisələrinin münasibətlərinin tənzimlənməsi məsələləri müəyyən edilir.

Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.