Vergi yükü azaldılacaq

Akif Nəsirli: “Vergi yükünün azaldılması kölgə iqtisadiyyatına qarşı aparılan addımlardan biridir

 Azərbaycanda sahibkarlara vergi güzəştlərinin bir qədər də artırılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda bildirilir.

Belə ki, gələn il sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.

Təqdimatda bildirilir ki, 2024-cü ildə maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılacaq. Həmçinin, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi gözlənilir.

  •  “Vergi güzəştinin tətbiq olunması sahibkarların vergini vaxtlı-vaxtında ödəməsinə səbəb olacaq”

2024-cü ildə sosial xarakterli güzəştlərin tətbiqi barədə fikir bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu, insanların vergiyə olan düşüncəsini dəyişmək məqsədilə atılan addımlardan biridir: “Vergi güzəştinin tətbiq olunması sahibkarların vergini vaxtlı-vaxtında ödəməsinə səbəb olacaq. Tətbiq edilən güzəşt müqabilində sahibkar vergini ödəməyə stimullaşacaq”.

Iqtisadçı hesab edir ki, vergi yükünün azaldılması təqdirəlayiqdir. Bu qayda əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur: “Hətta elə ölkələr var ki, sahibkara vergi tətili verilir. Yəni sahibkar müəyyən müddət vergidən azad olur”.

A.Nəsirli onu da əlavə etdi ki, vergi yükünün azaldılması kölgə iqtisadiyyatına qarşı atılan addımlardan biridir: “Ötən illərdə elə sahibkar var idi, fəaliyyətini leqallaşdırmırdı ki, vergi ödəməsin. Vergi yükü azaldılandan sonra sahibkarlar rahat şəkildə vergini ödəyər”.

Günel CƏLİLOVA