Mina təhlükəsi-faciələrin qarşısını necə alaq?

"Adətən işğaldan azad edilən ərazilərə buraxılan kənd təsərrüfatı subyektlərinə, onların təsərrüfat fəaliyyəti ilə bağlı məşğul olan əməkdaşlarına təlimat verilir ki, onlar qadağan olunan ərazilərə keçməsinlər".

 

Bu fikirləri İnformator.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspertin sözlərinə görə, həmin ərazidə fəaliyyət göstərən işçilərin hər birinə nəzarət etmək mümkün deyil.

"Həmin ərazilər üzrə müəyyən işarələr qoyulur ki, bu işarələrə uyğun şəkildə hərəkət edilsin. Mənə elə gəlir ki, qeyd olunan təlimatlara uyğun hərəkət edilsə, mina hadisələrinin qarşısını asanlıqla almaq olar. Ola bilsin ki, traktorçu özbaşına ərazidən çıxıb, yəni fəaliyyətə icazə verilən ərazidən kənarlaşaraq, başqa əraziyə keçib, yaxud rəhbərlik tərəfindən ona bu barədə göstəriş verib. Bunların hər biri araşdırılmalıdır".

Ekspertin sözlərinə görə, əraziyə daxil olmaq üçün icazə verilən şirkətə və onların əməkdaşlarına təlimat verilir və şəxslər həmin təlimata uyğun hərəkət etməlidir.

"İndi hər bir ərazidə fəaliyyət göstərən adama polis nəzarəti qoymaq mümkün deyil və belə də olmamalıdır. İşarə qoyulması kifayətdir. Amma məsələnin başqa bir tərəfi də var".

Akif Nəsirli qeyd edir ki, minadan təmizlənmiş ərazi də tam olaraq etibarlı deyil.

"Bu bütün dünyada belədir. Elə minalar var ki, onlar təmizlənmə zamanı aşkarlanmır. Təmizlənmə zamanı aşkarlanmayan mina həmin ərazidə də qalır və vətəndaş həmin ərazidə sərbəst hərəkət edərkən minaya düşür. Bu halda isə heç kim məsuliyyət daşıya bilmir".

Ekspert həmçinin qeyd edir ki, təmizlənmiş ərazilərdə də mina partlayışlarının baş verməsi mümkündür.

"Birincisi, minadan təmizlənmə zamanı ya məsuliyyətsizlikdən, ya minanın mexanizminin işləməməsindən, ya da digər amillərdən dolayı partlamayan mina qalır. Və partlamayan mina da bədbəxt hadisələrə gətirib çıxarır. Burada artıq nə vətəndaşın, nə də polisin məsuliyyəti var. Bu məsələdə mina təmizləyənlərin məsuliyyət daşıyır".

Müsahib diversiya qruplarından da söz açıb.

"Bir də var ki, diversiya qrupları. Düşmən tərəfin diversiya qrupu əraziyə mütəmadi sıza bilər və bu sızma zamanı da ərazinin yenidən minalanmasını həyata keçirə bilərlər. Bu artıq real təhlükədir. Buna görə də, Azərbaycan hökuməti bu məsələlərdən sığortalanmaq üçün sərhədi zaman-zaman möhkəmləndirməlidir ki, sərhəddən qarşı tərəfin diversiya qrupu ərazilərimizə sıza bilməsin".

Akif Nəsirli düşünür ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin təmizlənməsi və bərpası işini elə də güclü qurmur.

"Mən hesab edirəm ki, bu iş ərazilərin minalardan təmizlənməsi və bərpası, qayıdış prosesinin təşkili bir qədər fərqli təşkil olunmalıdır. Daha çox üstünlük və vəsait minalardan təmizlənməyə sərf olunmalıdır. Ayrılan vəsaitin böyük bir hissəsi, bəlkə də hər il yarısı tam gücü ilə mina təmizlənməsinə sərf olunmalıdır. Ən müasir texnologiyalar gətirilməlidir ki, işğaldan azad olunmuş ərazilər qısa bir zamanda tam şəkildə təhlükəsiz zonaya çevrilsin".

Aynur Babayeva