Putinin köməkçisi Navalnıdan danışdı – Müxalifət lideri yoxa çıxıb (Yeniləndi)

“Kremlin məhbusların taleyinə nəzarət etmək niyyəti və imkanı yoxdur”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Melexovdakı 6 saylı koloniyadan yoxa çıxan müxalifət lideri Aleksey Navalnının harada olması ilə bağlı suala cavab verərəkən deyib.

Peskov qeyd edib ki, Navalnının işinə “ABŞ-ın müdaxiləsi” qəbuledilməzdir və mümkün deyil. Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller rusiyalı siyasətçinin taleyi ilə bağlı narahatlığını bildirmişdi.

Dekabrın əvvəlində Aleksey Navalnının tərəfdaşları onunla əlaqənin kəsildiyini bildirdilər. O məhkəmə iclaslarına gətirilməyib. Daha sonra müxalifətçinin son aylarda saxlanıldığı Vladimir vilayətinin Melexov şəhərindəki 6 saylı ciddi rejimli koloniyanın əməkdaşları onun artıq məhbus siyahısında olmadığını bildiriblər.

“Navalnının harada olduğu bilinmir. Görünür, onu daşıyıblar. Penitensiar Xidmət bir qayda olaraq, köçürmə tamamlanana qədər məhbusların hara göndərildiyi barədə məlumat vermir”, - “İnterfaks” agentliyi yazır.

Dekabrın 7-də, Rusiyada prezident seçkilərinin tarixi təyin olunan gün Navalnının tərəfdaşları Vladimir Putinin yeni müddətə seçilməsinə qarşı kampaniyaya başladığını elan ediblər. Bu barədə sosial şəbəkələrdə Navalnı və onun yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fondu məlumat yayıb.

Navalnı dələduzluq ittihamı ilə Vladimir vilayətində ciddi rejimli koloniyada cəza çəkir. 2023-cü ilin sentyabrında o, "islaholunmaz” kimi bir il müddətinə təkadamlıq kamera tipli otağa köçürülüb. Bu, Rusiya cəzaçəkmə müəssisələrində məhbusa qarşı tətbiq edilən ən ağır cəza hesab olunur.

Siyasətçi indiyə qədər müxtəlif səbəblərdən 20 dəfədən çox karserə salınıb.