NEFTİN QİYMƏTİ KƏSKİN UCUZLAŞDI - İqtisadiyyata necə təsir edəcək?
Neftin qiymətində sürətlə ucuzlaşma müşahidə olunur. Belə ki, neftin bir barelinin qiyməti 73 dollardan aşağı enib.
Bu göstərici əsas gəlir mənbəyi neft hesab olunan Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Referans.az-a bildirib ki, neftin qiymətində enmə müşahidə olunsa da hazırki qiymət 2024-cü ilin büdcə hesablamalarında nəzərə alınandan az deyil.
“Bildiyimiz kimi hər il neft gəlirləri hesabına 12-13 milyard dollar büdcəyə transfer edilir. Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərini azaldacaq. Gəlirlərin azalması isə investisiyaların qoyuluşuna təsir edəcək. Bunlar ümumi təsirlərdir. Yay aylarında təxminən 150-200 milyon, payız-qış aylarında 200-250 milyon dollar manatın saxlanılması üçün bazara vəsait atır. Neft Fondundan götürülməklə hərraca vəsait çıxarır. Bu vəsaitlərin çıxarılma mənbələri məhdudlaşacaq. Təxminən 2015-ci ildə yaranmış situasiya yaraqna bilər, amma bu situasiyanın yaranması üçün neftin qiyməti təxminən 40 dollardan da aşağı enməlidir. İnanmıram ki, neftin qiyməti bu dərəcədə ucuzlaşsın”.
Ekspert qeyd edib ki, neftin qiymətinin yaxın zamanda yenidən qalxması gözlənilir. Bunu dünyanın hazırda olan geosiyasi vəziyyəti tələb edir.
“Cırtdan ölkələri də nəzərə alsaq dünyada təxminən 210-dan çox ölkə var. Hazırda 183 ölkə daxili və xarici silahlı münaqişəyə cəlb edilib. Belə hallarda neftə təlabat daha çox artır. Buna görə də hesab edirəm ki, neftin bu cür ucuzlaşması keçicidir. 2024-cü ilin büdcəsində neftin qiyməti 60 dollar götürülüb. Yəni indiki qiymət Azərbaycan iqtisadiyyatı üçün təhdidedici deyil”.
Fidan Vəlisoy