"MİDA internetin imkanlarından qeyri-şəffaflıq üçün istifadə edir" - MÜNASİBƏT BİLDİRİLDİ
"MİDA-nın satışa çıxartdığı mənzillərin satış prosesi elə bir platformada həyata keçirilir ki, vətəndaş cəmiyyətinin şəffaflığa əmin olması mümkün deyil. Bu proses internet üzərindən həyata keçirilir. İnternet üzərindən həyata keçirilən satışın şəffaflığını müəyyənləşdirmək çətindir". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, bu satışın saniyələr içində baş tutması elə qeyri-şəffaf prosesdən xəbər verir: "Hesab edirəm ki, bu proses internet üzərindən həyata keçirilməməlidir. Niyə illərdir sosial mənzillərə ümid bağlayan insanlar saniyələr içində xəyal qırıqlığına uğramalıdır?! Mənzilin satışı üçün fiziki qaydada sənədlər təqdim edilməlidir və onların içindən şəffaf şəkildə seçimlər olmalıdır. Nəticədə növbə ilə əhaliyə mənzillər təqdim edilməlidir. Sovet hökuməti dövründə Bakıda bütün vətəndaşlar ev növbəsinə yazılırdı və hamıya da növbə ilə ev verirdilər. Deməli, bu, mümkündür. İndiki dövrdə internetin imkanlarından qeyri-şəffaflıq üçün istifadə edilir".