Azərbaycan şirkəti gübrə istehsal edə bilər - lakin Slovakiyada

Azərbaycanda gübrə istehsalı ilə məşğul olan “Humix” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) özünün təsisçiliyi ilə Slovakiyada birgə müəssisə yaradıb, istehsala başlamağı planlaşdırır. Bunu MMC-nin təsisçisi Etibar Ağalar deyib.


Onun sözlərinə görə, hazırda “Humix” MMC Slovakiyadan daxil olan bu təklifin reallaşdırılması üçün mövcud bazarı araşdırır: “Biz bu təklifə öz vəsaitimizlə deyil, texnologiyamızla dəstək olmağı nəzərdə tuturuq. Slovakiyada təsisçiliyimiz ilə istehsalata başlayarıqsa, məhsullarımızın Avropa Birliyi ölkələrinin bazarlarına daxil olması asanlaşar. Slovakiya ilə qonşu olan Macarıstan və Polşada kənd təsərrüfatı inkişaf etdiyi üçün həmin ölkələrin bazarlarına da daxil olmaq imkanımız var”.

E.Ağalar bildirib ki, hazırda istehsalın necə təşkil olunması araşdırılır. İstehsal üçün yarımfabrikatların Azərbaycandan aparılaraq Slovakiyada qablaşdırılması nəzərdə tutulur.

 Qeyd edək ki, “Humix” 2021-ci ildən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidentidir. Şirkət aqrokimyəvi maddələr və bitki mühafizə vasitələri istehsal edir.