2023-cü ilin iqtisadi yekunu: “Ölkədə rəqabət mühiti yox dərəcəsindədir”
“Bu il Azərbaycan iqtisadiyyatında inhisarçılıq ciddi problemlər yaradıb".
Bunu “Cebhe.info”-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.
O bildirib ki, bazar iqisadiyyatına keçid edildikdən onun bütün komponentləri işlək vəziyyətə gəlmədi:
“Bunun başlıca səbəbi ölkədəki inhisarçılıqdır. Bazar iqtisadiyyatının göstəricisi rəqabət mühitinin var olmasıdır. Ölkədə isə rəqabət mühiti yox dərəcəsindədir. Bununla yanaşı, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununda sahibkarın mülkiyyətinə zəmanət verilsə də, buna əməl edilmir. Sahibkar onun əmlakının əlindən alınıb-alınmayacağından əmin ola bilmir. Buna görə də, Azərbaycana investisiya etmək istəyən yerli və xarici sahibkarlar bu reallığı görəndə fikirlərindən daşınırlar”.
Akif Nəsirov qeyd edib ki, növbəti məsələ məhkəmələrin müstəqilliyinin təmin edilməsidir:
“Sahibkar əmin olmalıdır ki, onun hüquqları pozularsa, məhkəmə onun pozulmuş hüquqlarına ədalətli şəkildə baxacaq. Fəaliyyətə başlayan və yaxud fəaliyyət göstərən sahibkarlara icra hakimiyyəti orqanları maneə yaradırlar, onlar sahibkarlardan qeyri-qanuni ödənişlər tələb edirlər, bu da sahibkarlara ciddi əngəl törədir.
Vacibdir ki, hazırda sahibkarların işinə əngəl yaradan bütün problemlər aradan qaldırılsın. Hesab edirəm ki, bu problemlər öz həllini tapsa, Azərbaycan Avropa ölkələrinin iqtisadiyyatını üstələyəcək iqtisadiyyata sahiblənə bilər”.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, neft-qaz sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb.
Ləman İsmayıl