Valyuta dəyişmək çətinləşdirilirmi?

Azərbaycanda 500 dollardan çox valyuta dəyişənlərdən sənəd tələb olunacaq. Bundan əlavə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib.
Əslində son illər Azərbaycanda valyutanı manata dəyişən vətəndaşlardan şəxsiyyəti təsdiq edən sənəd tələb olunduğu və limitlər qoyulduğu bildirilirdi. Artıq bununla bu məsələlərin bir növ rəsmiləşdirildiyi vurğulanır.


Deputat: "Yeni qaydalar valyuta bazarını sabitləşdirəcək"


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Mərkəzi Bank Azərbaycanın valyuta bazarını nəzarət etməyə çalışır və bu, doğru yanaşmadır: "Bu gün artıq valyuta bazarındakı, valyuta mübadiləsi bazarındakı oyunun müəyyən qaydaları var. Bu qaydalara riayət edə bilənlər də var".
Deputatın fikrincə, yeni qaydalar Azərbaycan valyuta bazarını sabitləşdirəcək.


"Pis siqnaldır" 


İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, qeyri-rəsmi şəkildə belə qaydalar əvvəllər də var idi: "Hətta bu il ərzində Mərkəzi Bankın rəhbərliyi ilə görüşdə mən bu məsələni qaldırdım ki, banklar hansı əsaslarla vətəndaşlara valyuta mübadiləsi zamanı limitlərin olduğunu bildirir və ya şəxsiyyət vəsiqəsi istəyirlər? O zaman Mərkəzi Bank dedi ki, bu bizlik deyil. Görünür ki, qeyri-rəsmi bu qaydaların olması artıq suallar yaradırdı və qurumlar məsələni bir-birinin üstünə atırdılar. İndi isə bu rəsmiləşir".
İqtisadçı deyir ki, yeni qaydalara görə, 500 dollara qədər valyutanı aldıqda sənəd soruşulmamalıdır. Onun fikrincə, Mərkəzi Bank və yaxud da digər aidiyyəti qurumlar belə məsələlərə həssaslıqla yanaşmalıdır: " Məqsəd aydındır – ölkədən valyuta çıxışını, ümumiyyətlə, insanların valyutaya çıxışını məhdudlaşdırmaqdır. Amma bu, inzibati yolla olanda ajiotaj artır. Digər tərəfdən,.. istər investorlar, istər əhali üçün bu, pis siqnaldır. İstənilən ölkədə valyuta ilə bağlı belə məhdudiyyətlərin olması investorlarda da, daxili bazarda da, istər-istəməz, gərginlik yaradır ki, görəsən, devalvasiyamı olacaq?".