Azərbaycanın ən böyük neft yataqlarında hasilat 8 ilə 42 faiz azalıb

Neft hasilatı Azərbaycan iqtisadiyyatı üçün həyati önəm daşıyır. Ölkədən ixracın yarısına yaxını sırf xam neft satışıdır. Bakıdan təxminən 100 km şərqdə yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yataqlarıdır. Ölkənin enerji sektorunun əldə etdiyi gəlirin mütləq əksəriyyəti məhz bu yataqlarla bağlıdır. Energetika Nazirliyinin məlumatlarına görə, AÇG yataqları istismara veriləndən bu il sentyabrın 1-dək oradan 579 milyon ton neft və 212 milyard kubmetrdən çox qaz çıxarılıb. 2001-ci ildən bu il sentyabrın 1-dək AÇG-dən mənfəət neftinin satışından götürülən gəlir həcmi 168.6 milyard dollar olub. Təkcə cari ilin doqquz ayında həmin yataqlardan 4 milyard 728 milyon ABŞ dolları gəlir əldə edilib.
Hesablama Palatasının 2024-cü ildə neft-qaz hasilatı və gəlirlərinə dair proqnozlarından bəlli olur ki, qarşıdakı illərdə də AÇG Azərbaycan iqtisadiyyatının əsas ümid yeri olmağa davam edəcək.
Cədvəl: Neft Fondunun 2024-cü il üzrə mənfəət neft və qazı üzrə əsas göstəriciləri
Neft yatağının adı
Daxilolma (dollar)
Hasilat (dövlətin payı, milyon barel)
Azəri-Çıraq-Günəşli
4 milyard 89 milyon
70.8
Şahdəniz
596 milyon
5.6
Abşeron JOCAP
77.4 milyon
0.81
Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı
7.1 milyon
0.12
Binəqədi blokuna daxil olan yataqlar
6.7 milyon
0.16
Kürovdağ
6.2 milyon
0.11
Suraxanı və Qaraçuxur
2.2 milyon
0.04
Zığ-Hövsan
1.7 milyon
0.03
Kürsəngi və Qarabağlı
1.7 milyon
0.03
Qum-Dəniz və Bahar
1.4 milyon
0.01
Mişovdağ və Kəmaləddin
1.3 milyon
0.02
Neftçala və Xıllı
0.5 milyon
0.02
Toplam
4 milyard 792 milyon
78.6 milyon
Cədvəldən göründüyü kimi, gələn il Dövlət Neft Fonduna daxil olması proqnozlaşdırılan 4 milyard 792 milyon dollar vəsaitin 4 milyard 89 milyonu - 85.3 faizi məhz "Azəri-Çıraq-Günəşli" yataqları hesabına təmin ediləcək.
AÇG-də hasilat necə dəyişib?
Azərbaycan iqtisadiyyatında önəmli rolu olsa da, AÇG-də hasilat ilbəil azalmağa doğru gedir. Artıq bu azalmanın təsirləri iqtisadi böyümədə də əksini tapır. 2023-cü ilin 11 ayı ərzində Azərbaycan iqtisadiyyatı cəmi 0.8 faiz böyüyüb. Bu qədər az böyümənin əsas səbəbi kimi neft hasilatının azalması göstərilir. Hesablama Palatasının açıqladığı rəqəmlərdən görünür ki, 2015-ci ildən bəri AGÇ-də neft hasilatında ardıcıl azalma baş verir. 2015-ci ildə bu yataqlardan 232 milyon barel neft hasil edilmişdi. 2023-cü ilin sonuna bu göstərici 134 milyon barel olacaq. Bu o deməkdir ki, 2015-ci ildən bəri AÇG-də neft hasilatı 42 faiz azalıb. Son illər hasilatdakı azalma daha da sürətlənir.
Cədvəl: 2015-2023-cü illərdə AÇG yataqlar blokunda neft hasilatı (milyon barel)
İl
Neft hasilatı
2015    232
2016    231
2017     215
2018     214
2019     195
2020     175
2021      167
2022      152
2023      134
Hesablama Palatası bu azalmanın qarşıdakı illərdə də sürəcəyini ehtimal edir. 2026-cı ildə AÇG-də 119 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır. Bu, 10 il ərzində təxminən iki dəfə azalma deməkdir.
Hasilatın azalmasının yaratdığı risklər
Neftin kəskin ucuzlaşması və ucuz qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması ortamüddətli dövrdə Dövlət Neft Fondunun gəlirlərini də azaldar. Bu halda aktivlər sürətlə tükənə bilər.
Gələn il xam neftə qlobal tələbin artması proqnozlaşdırılır. OPEC+ ölkələri hasilatın azaldılmasına razılaşıb. Bu, neft qiymətlərinə dair proqnozlarda da artıma səbəb olub. Müxtəlif beynəlxalq təşkilatların açıqlanmış məlumatlarına istinad edilsə, 2024-cü ildə xam neftin 1 barelinin orta illik qiyməti təxminən 80-90 ABŞ dollar ola bilər. Düzdür, son illər enerji bazarlarında tez-tez gözlənilməz dalğalanmalar da baş verir. Bunun fonunda Azərbaycanda neft hasilatının azalması ölkəyə əlavə risklər törədir. Elə bu üzdən Dövlət Neft Fondunun gələnilki büdcəsi ilə bağlı Hesablama Palatasının rəyində qeyd edilir ki, neftin kəskin ucuzlaşması və aşağı qiymətlərin uzun müddət sürməsi, üstəlik, hasilatın da azalması fonunda ortamüddətli dövrdə Dövlət Neft Fondunun gəlirləri azala bilər. Beləcə, aktivlərin sürətlə tükənmə ehtimalını gözdən qaçırmaq olmaz.
Neft hasilatının Azərbaycan iqtisadiyyatı üçün yarada biləcəyi riskləri beynəlxalq təşkilatlar da risk amili sayır. Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı apardığı uzunmüddətli artım simulyasiyasına görə, "Azərbaycanda əhalinin artım tempi azalmaqda və əhali yaşlanmaqdadır. Ölkə karbohidrogen ehtiyatlarının tükənməsi ilə üzləşir. Aktivlərin şaxələnməsi lazımi səviyyədə deyil və qeyri-neft/qaz sektorunun artıma töhfəsi məhduddur". Həmin simulyasiyadan belə çıxır ki, hökumət yuxarıdakı problemləri çözməsə, 2024-2050-ci illərdə Azərbaycanın orta illik iqtisadi artımı 0.5 faiz olacaq. Bu da, ən yaxşı halda ölkə iqtisadiyyatının yerində sayması anlamına gəlir.