"Gündəlik tələbat mallarının qiymətində 20 faiz artım..."

Son illər Azərbaycanda bayramqabağı, bir qayda olaraq, bazarda qiymətlərin artımı müşahidə olunur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə inflyasiya 9.4 faiz təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10.4 faiz bahalaşma qeydə alınıb.
Paytaxt Bakının bəzi bazarlarında (dekabrın 29-da) bir sıra satıcılar isə alıcı qıtlığından şikayət edirlər.
Bazarda qiymətlər...
"Yaşıl bazar"da meyvə-tərəvəz satışı ilə məşğul olan şəxs məhsulların qiymətini belə sadalayır: "Mandarinin 1 kilosu 3 manatdır, "Qızıl Əhməd" alması isə 4 manatadır... Amma biz bu meyvələri özümüz də baha almışıq".
Satıcıların sözlərinə görə, bazarda adam azdır, gələnlər də çox vaxt bir-iki kilodan çox alış-veriş etmir.
Pomidoru 5, xiyarı 6-8, kartofu 1.1-1.5 manata təklif edirlər. Qoyun ətinin 1 kilosu 16-18, mal ətinin qiyməti isə 14-17 manat arasında dəyişir.


"Azərbaycana bir çox məhsullar idxal olunur"


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a deyib ki, bütün bayramlar ərəfəsində Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətlərində müəyyən artım müşahidə olunur və bu, artıq ənənəyə çevrilib: "İkinci səbəb isə dünya iqtisadiyyatında gedən proseslərdir. Dünyada hələ də müxtəlif münaqişələr davam etdiyindən iqtisadi zəncirlərin bərpasında müəyyən problemlər var. Ona görə də məhsulların bir nöqtədən o biri nöqtəyə çatdırılmasında qiymət artımı özünü göstərir... Azərbaycana bir çox məhsullar idxal olunur".

"...inflyasiya rəqəmlərini aşağı çəkməyə başladılar"

 İqtisadçı Natiq Cəfırli xatırladıb ki, ilin əvvəlindən oktyabra qədər hökumətin rəsmi rəqəmlərində inflyasiya ikirəqəmli idi: "Ərzaq inflyasiyası pik nöqtələrdə 14 faizə çatdı. Amma birdən-birə nə baş verdisə, oktyabrdan başlayaraq inflyasiya rəqəmlərini aşağı çəkməyə başladılar. Rəsmən elan etdilər ki, ümumi inflyasiya 10 faizdən aşağı düşüb. Amma bunun hansı parametrlərlə və necə nail olduqlarını bildirmədilər".
İqtisadçının sözlərinə görə, Azərbaycanda son 15 ildə hər il dekabrdan aprelə qədər, (Yeni il və Novruz bayramı qabağı) ərzaq qiymətlərində artım müşahidə edilir, aprel-noyabr aylarında isə qiymət artımında müəyyən səngimə olur: "Bu il də biz eyni mənzərəni görürük. Keçən il ilə müqayisədə gündəlik tələbat mallarında ən azı 15-20 faizlik artım nəzərə çarpır".