Paralel dövlət qurumları Naxçıvanda dövlətçiliyə nə qədər iqtisadi ziyan vurdu?...

Akif Nəsirli: “Onların mövcudluğu dövlət büdcəsinə külli miqdarda ziyan vurub”

Bildiyimiz kimi, uzun illərdir Naxçıvan Muxtar Respublikasında paralel dövlət qurumları fəaliyyət göstərib. Paralel qurumların fəaliyyəti isə təbii dövlət büdcəsinin boynundan asılan böyük bir yük olub. Son dövrlər Muxtar Respublikada həyata keçirilən kadr dəyişiklikləri və islahatlar nəticəsində artıq ölkəmiz paralel qurumlardan xilas olur. 

Məlumdur ki, artıq bəzi paralel dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Məsələn, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da sərəncam imzalayıb. Həmin sərəncama əsasən 

“Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilib.

Ondan əvvəl bu ilin avqust ayında da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu ləğv edilib. Beləliklə, tədricən paralel dövlət qurumları aradan çıxır və bu da təbii ki, işin xeyrinədir. 

Bəli, Naxçıvanda neçə qurum ləğv olundu. Hamısı da dövlətə artıq qurumlar kimi on illər boyu ziyan vurub. Naxçıvana MTRŞ nə lazım idi? Yaxud ayrıca Maliyə Nazirliyi, yaxud başqa bir nazirlik.? Bu artıq qurumların saxlanmasına görə dövlətin pullar göyə sovrulur. Bəs bunun məsliyyəti kim daşıyacaq? Paralel dövlət qurumları Naxçıvanda dövlətçiliyə nə qədər iqtisadi ziyan vurdu?

“Paralel dövlət qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur və artıq onların ləğvi prosesi başlayıb” 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, o qurumlar bizim digər inzibati ərazi resurslarında da var. “Nazirliklərin, komitələrin, başqa dövlət qurumlarının başqa yerlərdə idarələri var. Sadəcə olaraq dövlət qurumlarının Naxçıvandakı olan idarələrin statusunu nazirlik kimi müəyyən ediblər. Ləğv edilən qurumların oradakı strukturları qalacaq, sadəcə olaraq onların nazirlik statusu aradan qaldırılır. Sözsüz ki, nazirlik, yaxud böyük bir qurum ləğv edlibsə, burada xərclərin azalması müşahidə olunacaq. O zaman belə bir siyasi yanaşma vardı ki, bütün dövləıt strukturları paralel olaraq Naxçıvanda da olsun. Bu o baxımdan edilirdi ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yolla əlaqələri yoxdur və o ərazidə operativ qərarlar qəbul etmək üçün bu qurumlar lazım idi. Muxtar Respublikanın öz statusu var və bu qurumlar da ondan çıxış edilərək yaradılmışdı. Amma aparılan islahatlar, görülən işlər, dəyişikliklər bu qurumlara artıq ehtiyac olmadığına əsas verir. Artıq elektron hökümət resursları ilə tam olaraq məsələni diqqətdə saxlamaq olur. Naxçıvanda paralel dövlət qurumlarının, nazirliklərin olmasına heç bir ehtiyac yoxdur. Hesab edirəm ki, onların ləğv edilməsi vacib idi. Paralel dövlət qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur və artıq onların ləğvi prosesi başlayıb. Orada hansısa nazirliyə, yaxud komitəyə nə ehtiyac vardı? Yoxdu təbii. Mərkəzi hakimiyyət var. Yəqin ki, bundan sonra da proses davam etdiriləcək”-deyə A.Nəsirli vurğuladı.

O qeyd etdi ki, yüksək statusda fəaliyyət göstərən bəzi paralel qurumlarının dövlət büdcəsinə vurduğu ziyan böyükdür və bu baxımdan Naxçıvan Muxtar Respublikasında o qurumların ləğv edilməsi vacib idi. “ Təbii ki, bu qurumlar dövlət büdcəsi üçün böyük yük idi, bu yükdən xilas olmaq lazım idi. Onların mövcudluğu dövlət büdcəsinə külli miqdarda ziyan vurub. Sözsüz ki, hesablamalar aparılacaq və konkret rəqəmlər ortaya qoyulacaq. Təəssüf ki, bir çox hallarda paralel dövlət qurumlarının saxlanılması kimlər üçüncə yeyinti mənbəyi olur. Bu isə dövlətə, dövlətçiliyə ağır ziyan vurur, bəziləri talançılıq edib. Keçən il Naxçıvanda nazirliklərin bir neçəsində əməliyyat aparıldı, bildiyiniz kimi korrupsiya halına görə həbs edilənlər də oldu ”-deyə A.Nəsirli hesab edir ki, MTRŞ, eləcə də digər dövlət qurumlarının fəaliyyətinə ehtiyac yox idi və onlar paralel olaraq fəaliyyət göstərirlər.  A.Nəsirli əlavə etdi ki, Naxçıvanda Muxtar Respublikasında yeni dəyişikliklərin olacağı da istisna eidlmir. O, hətta Naxçıvanla bağlı referendumun keçirilməsinin də qaçılmaz olduğunu bildirdi. Ekspert hesab edir ki, Naxçıvan MR-ın statusunun da aradan qaldırılması vacib tələbə çevirilib. Onun fikrincə, Qarabağ, Şərqi Zəngəzur İqtisadi rayonları kimi Naxçıvan İqtisadi rayonu da olmalıdır. Naxçıvanda çox dəyişikliklərin gözlənildiyini ehtimal edən A.Nəsirlinin sözlərinə görə, proses gedir və paralel qurumlar haqlı olaraq ləğv edilir və bundan da görsənir ki, tamamilə yeni dövr başlayır. 

Leyla QARAXANLI