İlham Əliyev: 'Heç kimdən asılı deyilik'
Prezidentin iddiasına görə, onlar başa çatan 2023-cü ildə iqtisadi sahədə də uğurlu siyasət aparıblar: "Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik".
O deyib ki, 2024-cü ilin dekabrında "dünyanın ən böyük" beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında dünya ölkələri yekdil qərar qəbul ediblər: "COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı) gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilib - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilib".
2023-cü ilin 11 ayında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çox Ümumi Daxili Məhsul istehsal olunub. Müstəqil iqtisadçılar bunu ciddi inkişaf saymayaraq vurğulayırlar ki, bu göstəriciyə görə Azərbaycan hətta bir çox MDB ölkələrindən geri qalır. Başa çatan ilin 11 ayında ölkədə sənaye istehsalı isə 1 faiz azalıb.
1988-ci ildə gərginləşən Qarabağ münaqişəsi nəticəsində Azərbaycan 20 faizə yaxın ərazisinə nəzarəti itirmişdi. Amma 2020-ci ildə Ermənistanla 44 günlük savaşla qismən, 2023-cü ildə isə tam ərazilərinə nəzarəti bərpa edib.