Bu il manatın məzənnəsi dəyişə bilərmi
Azərbaycanda son 10 ildə ABŞ dollarına tələbat hər ilin sonu artır, iqtisadçılar bunu, əsasən, ilsonu ödəmələri ilə izah edirlər. Amma bununla belə, Azərbaycanda 2017-ci ilin martından manatın məzənnəsi dəyişmir - 1 dollar 1 manat 70 qəpik olaraq qalır. Baxmayaraq ki, Mərkəzi Bank (AMB) hələ 2015-ci il dekabrın 21-dən (həmin il ikinci devalvasiyadan) sonra üzən məzənnəyə keçidi elan edib. Lakin bu proses reallıqda heç iki il də çəkməyib.
"Neftin qiymətindən asılı olacaq"
Neft hasilatının azalması və işğaldan azad olunmuş bölgələrin bərpasının xərc tələb etməsi fonunda manatın məzənnəsində 2024-cü ildə ciddi dəyişiklik ola bilərmi?
Dekabrın 28-də AMB 2024-cü il üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vüqar Bayramovun sözlərinə görə, sənədin təhlili göstərir ki, bu il də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi, neftin qiymətindən asılı olacaq: "Mərkəzi Bankın valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda, valyuta ehtiyatlarımızdan istifadə oluna bilər".
İqtisadçı Natiq Cəfərlinin də fikrincə, 2024-cü ildə manatın məzənnəsi bircə faktordan asılı olacaq: "Həmişəki kimi, məzənnə neftin qiymətindən asılı olacaq. Neftin qiyməti indiki səviyyədə - 80 dollar həddində qalacaqsa, manata heç bir təhlükə yoxdur".
O vurğulayır ki, bu il üçün hökumət büdcənin bütün parametrlərini 1 dollara görə 1.7 manat məzənnə ilə hesablayıb: "Yəni, hökumətin, məncə, bu il məzənnə dəyişikliyinə getmək fikri yoxdur. Amma fövqəladə bir şeylər baş versə, məsələn, neftin qiyməti kəskin 40-50 dollara düşsə və bir neçə ay elə həmin qiymətlər qalsa, o zaman hökumət devalvasiya ilə bağlı düşünməyə və müəyyən addımlar atmağa məcbur qalacaq", - iqtisadçı proqnozunu bölüşür.