Azərbaycanda bu ildən bahalaşan məhsullar - SİYAHI
"Azərbaycanda bəzi məhsulların qiymətində artım müşahidə olunur. Ət, meyvə, tərəvəz və çərəzlər bahalaşacaq".
Bunu İqtisadiyyat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, rəqabətli bazarda dövriyyə artanda qiymətlər aşağı enir, inhisarçı bazarda isə dövriyyə artanda qiymət bahalaşır.
Azərbaycan bazarının da inhisarçı bazar olduğunu vurğulayan sədr söyləyib ki, məhsulların dövriyyəsi artdıqda dərhal inhisarçılar qiymətləri artırırlar: "Çünki inhisarçı sahibkarın rəqibi yoxdur. Ona görə də qarşıdakı aylarda ət, meyvə, tərəvəz, çərəzlər bahalaşacaq. Hazırda bazarda qabıqlı qozun qiyməti 7-10 manat, fındığın qiyməti 6-8 manat, badamın qiyməti isə 10 manatın üzərindədir".
A.Nəsirli qeyd edib ki, Novruz bayramı ərəfəsində həmin çərəz məhsulları yenidən bahalaşacaq: "Amma ümumilikdə götürdükdə, ehtimal olunur ki, ötən ilə nisbətən carı ildə infilyasiya bir qədər səngiyəcək. Bu, həm xarici amillərin, həm də bir sıra daxili amillərin təsiri altında baş verəcək".
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə İqtisadiyyat.az-a açıqlamasında keyfiyyətli çərəzlərin qiymətində ciddi artım olduğunu deyib. O, keyfiyyəti aşağı olanlarda isə bahalaşmanın o qədər də müşahidə edilmədiyini bildirib:
"Son vaxtlar apardığım müşahidələr onu göstərir ki, keyfiyyətli çərəzlərin qiymətində 15-20% artım var. Keyfiyyəti aşağı olanlarda isə elə də artım müşahidə edilmir. Bu, əhalinin böyük qisminin - aşağı keyfiyyətli çərəzləri alan hissəsinin alıcılıq qabiliyyətinin aşağı enməsi ilə bağlıdır. Həm xaricdən idxal olunan, həm də yerli istehsal məhsulları çeşidlənir. Həmin məhsullar aşağı, orta və yüksək keyfiyyətli olmaqla sortlara ayrılır. Orta təbəqə əlində olan və ehtiyat yığdıqları vəsaiti daha çox ərzaq məhsullarına xərcləyiblər. Yəni artıq onlar yüksək dəyərlə təklif edilən çərəzlərdən bir o qədər də istifadə etmirlər, əvəzində istehlak edirlər. Bu səbəbdən də sahibkarlar daha çox gəlir əldə etmək üçün yüksək keyfiyyətli məhsulların qiymətini artırıblar".
Sadiq Cavadov