"Yaşıl dünya naminə həmrəylik ili" Azərbaycana nə verəcək?

“Günəş enerjisi ilə işləyən lampaların istifadəsi ilə bağlı da müəyyən işlərin görülməsi nəzərdə tutulur” 

Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.  Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sərəncama əsasən, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bu il Azərbaycanda yaşıl enerjiyə keçid sahəsində bəzi gözləntilər var. Məsələn, yaşayış binlarının üstündə günəş enerji batareyalarının quraşdırılması, günəş enerji lampalarının istehsalı kimi məsələləri vurğulamaq olar. Küçələrin işıqlandırılması üçün gecələr yanan və gündüzlər sönən lampalar var ki, onların milli istehsalını qurmaq kimi məsələlər aktualdır. Bu kimi sahələrdə nə kimi irəliləyişlər ola bilər? Bu məsələlər həll oluna bilərmi? Xüsusən də günəş enerji batareyaların milli istehsalı sahəsində nə kimi gözləntilər var?

“İnanıram ki, bu istiqamətdə də...”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının gələn il Bakıda keçirilməsinə qərar verildiyindən hökumət rəsmiləri yaşıl iqtisadiyyat məsələsindən daha çox danışmağa başlayıblar. İstər-istəməz, sual doğur: indiki dövrdə Azərbaycan iqtisadiyyatı yaşıl iqtisadiyyatın tələblərinə nə qədər cavab verir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda toplam 26 milyard 487 milyon kVt/st enerji istehsal edilib. Bu qədər enerjinin 93 faizi istilik elektrik stansiyalarının payına düşüb. Ölkənin elektrik enerjisi istehsalında su elektrik stansiyalarının payı 6 faizə yaxındır. Külək və günəş enerjisinin enerji istehsalında payı isə 1 faiz civarındadır.

Müqayisə üçün bildirək ki, Beynəlxalq Energetika Agentliyi 2023-cü ildə dünya elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 29 faizə çatacağını proqnozlaşdırır”-deyə bildirdi.

A.Nəsirli qeyd etdi ki, göründüyü kimi, Azərbaycanda indiyə qədər olan real vəziyyət belədir. Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyasını, yəni istixana təsiri olan qazların atmosferə atılmasını 30, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq barədə öhdəlik götürüb. A.Nəsirli vurğuladı ki, bu öhdəliklərin yerinə yetirilməsi üçün qarşıdakı illər ərzində Azərbaycan hökuməti bərpa edilən enerji mənbələrindən alınan enerjinin miqdarını artırmalı və ümumi enerji istehsalında onun xüsusi çəkisini yüksəltməlidir.  “Bunun üçün dövlət bərpa olunan mənbələrdən alınan enerji istehsalını genişləndirməlidir, kütləvi şəkildə günəş panelləri quraşdırılmalıdır, külək enerjisindən istifadə genişləndirilməlidir, su elektrik stansiyalarının sayı artırılmalıdır. Yalnız bunlarla da kifayətlənilməməlidir. Vətəndaşların, cəmiyyətin bu məsələyə dəstək verməsi üçün hökumət şərait yaratmalıdır. İnanıram ki, bu istiqamətdə də işlər görüləcək. Hesab edirəm ki, ölkə daxilində günəş enerjisi panelləri istehsal edilməli və onun kütləvi satışına başlanılmalıdır.  Yaxud hələlik bunun idxalı da mümkündür. Amma yaxşı olar ki, Azərbaycan daxilində keyfiyyətli günəş panellərinin istehssalına başlanılsın. Əhalinin bu günəş panellərini öz fərdi təsərrüfatlarında quraşdırması təbliğ edilsin ki, vətəndaşlar bu panelləri alsın, quraşdırsın və ümumi mənbədən alınan elektrik enerjisinin sərfiyyatı bununla azalsın. Digər tərəfdən, günəş enerjisi ilə işləyən lampaların işqılandırma üçün açıq havada istifadə edilməsini geniş təbliğ etmək vacibdir.  Günəş enerjisi ilə işləyən lampaların istifadəsi ilə bağlı da müəyyən işlərin görülməsi nəzərdə tutulur.

Yeri gəlmişkən bir məsələni qeyd etmək istəyirəm. Sadə üsullarla  istilik almaq metodları var. Məsələn, fərdi evlərdə hamam çənləri quraşdırılır və həmin çənlərin üst hissəsi böyüdücü lupa ilə təchiz edilir və o böyüdücü lupanın günəşdən aldığı enerji sayəsində su sadə üsulla qızdırılır, hamamda, məişətdə istifadə edilmək üçün yararlı bir tempraturda ola bilir.  Bu təbliğ olunmalıdır. Bu üsul Türkiyədə geniş yayılıb. Lupalar vasitəsi ilə günəş enerjisinin toplanılaraq suyun qızdırılmasında istifadə edilməsi metodu var. Bununla yanaşı, qeyd etdiyim kimi, su elektrik stansiyaları imkanları mövcuddur”.

O vurğuladı ki, işğaldan azad olunan ərazilərdə çoxlu iti axan dağ çayları var, onların bir çoxu üzərində su elektrik stansiyaları quraşdırılıb, bir çoxunun üzərində quraşdırılması nəzərdə tutulub, bir çoxunda da quraşdırma prosesi davam edir. Müsahibimiz hesab edir ki, Azərbaycan hökuməti yalnız büdcədən xərcləmələr etməklə ölkədə alternativ enerji mənbələrinin, alternativ enerjidən istifadənin genişləndirilməsi işini həyata keçirə bilməz. “Ona görə də bu iş təbliğ edilməlidir ki, cəmiyyət buna dəstək versin. Onlar özləri də alternativ enerji mənbələri axtarışında olsunlar və bu mənbələrin tapılmasında da hökumət onlara yardım göstərsin. Məsələn, bir həyətin ətrafından bir su arxı, kiçik bir çay  keçirsə, belə çaylar üçün mini generatorlar istehsal edib təbliğ etmək olar ki, əhali onu alsın, xüsusən də uzaq dağ kəndlərində bu kiçik elektrik generatordan istifadə etsinlər.

Bu il “Yaşıl enerji ili” elan edilib və il üçün gözləntilərimiz çoxdur. Ümid edək bu il Azərbaycanda ciddi irəliləyiş olacaq...Bir sıra yeniliklərin şahidi olacağımıza inanıram”-deyə qeyd edən A.Nəsirli bildirdi ki, dünya bu istiqamətdə gedir və Azərbaycan da bu yolu davam etdirməlidir. Dünya artıq alternativ enerji mənbələrindən əldə edilən enerjinin həcmini kəskin şəkildə artırır...

İradə SARIYEVA