Kimə inanaq - baş daşlarına, yoxsa statistikaya?!
Azərbaycanda pensiya məbləği və təqaüdçü sayı hansı mexanizmlə azaldılır?!
Azərbaycanda əhalinin orta ömür müddəri kifayət qədər mübahisəlidi. Hökumət iddia edir ki, ölkəmizdə orta hesabla kişilər 73, qadınlar isə 78 il önür sürür. BMT-nin məlumatına görə Azərbaycanda orta hesabla qadınlar 61,5 kişilər isə 59 il yaşayır. Bu rəqəmlərdən hansının doğru olduğunu müəyyənləşdirmək üçün ölkə boyu hektarlarla sahəni tutan qəbristanlıqlardakı təzə baş daşını nəzərdən keçirmək kifayətdir. Onda görəcəksiniz ki, son 40 ildə ölənlərin böyük əksəriyyəti - bəlkə də 70-80 faizi 60 yaşını tamamlamadan dünyasını dəyişib. Elə isə hökumət nə üçün ölkədə orta ömür uzunluğu müddətini saxtalaşdiraraq "uzadır".
Birincisi, orta ömür müddəti yalnız vətəndaşları firavan yaşayan ölkələrdə ildən ilə uzanır. Bu göstəricini artırmaqla Azərbaycan hökuməti tənqidçilərə demək istəyir ki, vətəndaşlarımız firavan yaşayır - heç nəyə ehtiyacları yoxdur.
İkincisi, orta ömür müddətinin saxtalaşdırılaraq artırılması dövlət büdcəsinə qənaət etməyə imkan verir. Çünki orta ömür müddətini saxtalaşdırılaraq uzananda daha az vətəndaşımız pensiyaya çıxmaq şanşına malik olur. Bununla da pensiyaçıların sayı azalır. Diqqət yetirsəniz, görərsiniz ki, 2017-ci ildən bəri pensiyaçıların sayı 30 faizə qədər azalıb. Düzdür, burada əlillik qruplarının kütləvi şəkildə ləğv edilməsi əsas rol oynayır. Amma azalmanın azı 10 faizi pensiya yaşının saxta orta ömür müddətinə uyğun olaraq uzadılması ilə bağlıdır.
2017-ci ildə qəbul edilən pensiya haqqında qanuna dəyişikliklərdən biri də saxta orta ömür müddətinin uzanmasına əsaslanaraq pensiya yaşının artırılması oldu. O vaxta qədər qadınlar 60, kişilər isə 63 yaşında pensiyaya çıxırdı. Bu qanuna əsasən hər iki cinsdən olan vətəndaşlarımız 65 yaşında pensiyaya çıxmalıdir. Qanunun bu hissəsində fəlsəfə ondan ibarətdir ki, hökumət hər bir pensiyaçıya 12 il pensiya verməyi hədəfləməlidir. Məhz ona görə də vətəndaşlarınız pensiyaya çıxanda onun qazandıği sığorta kapitalını 144 aya, yəni 12 ilə bölürlər.
Azərbaycan statistikasına inansaq, orta statistik azərbaycanlı 65 yaşında pensiyaya çıxır və azı 77 yaşa qədə yaşayaraq 12 il pensiya alır. Azərbaycan hökumətinin "humanizmi" ondan ibarətdir ki, sivil ölkələrdə dövlət vətəndaşa 10 il pensiya verməyi hədəfləyirsə, bizdə bu rəqəm 12 il təşkil edir. Çox maraqlıdır ki, bu məqam ilk baxışdan humanist görünsə də, o da hökumətin xeyirinədir. Çünki hədəflənən pensiya müddəti 10 il olanda sığorta kapitalı 120-yə, 12 il olanda isə 144-ə bölünür. Beləliklə biz hər ay pensiyaçıya daha az məvacib verməyə nail oluruq. Məsələn, 12 il pensiya verməyi hədəfləyən də hər aya 240 manat məvacib düşürsə (34560:144=240), hədəfimiz 10 ilə ense təqaüdcünün minimum əmək pensiyasının məbləği indiki şərtlərlə 288 manat təşkil edərdi (34560:12=288).
Göründüyü kimi, beynəlxalq statistikaya görə Azərbaycan vətəndaslarının orta ömür müddəti (kişilər 59, qadınlar 61.5 il) imkan vermir ki, ahıllarımız pensiya alsın, onların əksəriyyəti sadəcə pensiya yaşına çatmadan dünyasını dəyişir. Azərbaycan statistikası ilə hesablasaq guya kişilərin əksəriyyəti 65 yaşında pensiyaya çıxıb, azı 8 il pensiya alır. Çünki kişilərin orta ömür uzunluğ rəsmi statistikada 73 yaş göstərilir. Onda kişilər faktiki olaraq 8 il, yəni 96 ay pensiya almaq imkanına malikdirsə, nə üçün kişilərin sığorta kapitalı 96-ya deyil, 144-ə bölünür? Əgər kişilərin sığorta kapitalı faktiki göstəricilərə uyğun hesablansa onların minimum əmək pensiyası 360 manat (34560:96=360) təşkil edərdi, amma faktiki olaraq hazırda bu göstərici 240 manatdır.
Beləliklə, Azərbaycanda pensiya məbləğinin və pensiyaçıların sayının necə azaldılması mexanizmləri ilə oxucularımızı tanış etməyə çalışdıq. Növbəti yazılarımızda digər məqamlara da işıq salmağa çalışacağıq.
Akif Nəsirli