Son bir ayda Azərbaycanda İİV-ə yoluxma hallarının sayı açıqlandı
Son bir ayda Azərbaycanda 108 nəfər İnsanın İmmun çatışmazlığı Virusuna (İİV) yoluxub.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, Respublika QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmun çatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən bir ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, iki nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) inyeksion narkotik istifadəçiləri olub.
Bundan başqa, Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6 847 nəfər istiqamətləndirib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 162 nəfərdən 124 nəfərin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.