Qubad İbadoğlu: "Azərbaycandakı iş yerlərində qadınlara münasibət cəmiyyətdə olduğundan fərqlənmir"
Əziz izləyicilər və dəyərli dostlar, Fövqəlada hallar nazirliyində (FHN) baş verənlərlərə və onun doğuracağı nəticələrə dair fikirlərimi bölüşür, diqqətlə oxumağınızı və paylaşmağınızı xahiş edirəm.
Bu hadisə göstərdi ki:
1) Azərbaycanda iş yerlərində qadınlara münasibət cəmiyyətdə olduğundan fərqli deyil, idarəetmədə qadınlar yüksək vəzifələrə irəli çəkilmir, aşağı ödənişli işlərdə çalışır, rəhbərləri tərəfindən cinsi təzyiqlərə və istismara məruz qalırlar. Belə ki, 2021-ci ildə DİN-ə 4052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb, həmin il iqtisadiyyatda çalışan qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti 65,8 faiz olub.
2) Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur ki, qadınların hüquqlarını qorunmasına təminat yaransın. Hətta məhkəmələr bəzən qadını öldürənə iti öldürəndən az cəza verirlər, qadına cinsi təcavüz edənə isə ümumiyyətlə cəza verilmir. 2021-ci ildə Azərbaycanda 70 qadın öldürülüb, 602 qadın yalnız ərləri tərəfindən döyüllüb, onlardan 24-ü ciddi xəsarət alıb.
3) Azərbaycanda dövlət idarəetmə orqanlarında işləyənlər qohumluq, regionçuluq əsasına işə götürülür, işlədiyi müddətdə yaltaqlıq, rüşvət alma və vermə qabliyyətinə görə irəli çəkilir. Heç şüibhəsiz ki, FHN-nin polkovniki olan Zaur Mirzəyev orda və ya başqa orqanlarda yükək vəzifədə çalışanların yaxın qohumlarından biridir. Belə olan halda da regional və qohumluq bağları dövləti vəzifələrdən sui-istifadə hallarını çoxaldır və onlar nəinki tərbiyəsizlikdən, hətta qanunsuz əməllərdən, cinayətlərdən sığortalanırlar.
4) Azərbaycanda belə hadisələr dövlət idarəetmə orqanlarında geniş yayılıb. Bu tip hadisələrin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında baş verməsi siyasi və hüquqi məsuliyyəti daha da artırır. Odur ki, bu hadisə ətrafında ictimai müzakələr davam etməli, qadınların hüquqlarının qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Əks təqdirdə bəzi mühafizəkar ailələr qızları dövlət işinə buraxmayacaq, həmin ailədə böyüyüən qızlar üçün yalnız müəllim olmaq seçimi qalacaq.
5) Hakimiyyətin formalaşdırdığı idarəetmə orqanlarının rəhbər vəzifələrində tərbiyəsiz və əxlaqsız adamlar təmsil olunur. Onların hədsiz səlahiyyətləri, zəhmətsiz gəlirlərlə varlanması, rüşvət hesabına istənilən cinayətdən sığortalanması onların nəinki iş yerlərində, hətta ailədə də davranışlarına mənfi təsir edir və onlar cəmiyyətin də əxalqını pozurlar. Belələri də bu hakimiyyətə lazımdır, çünki əxlaqsız cəmiyyətdə mədəni və hüquqi dövlət ola bilməz.
Nəhayət, mədəni və şüurlu cəmiyyətlər əxlaqı yüngül insanların çoxalmasına və onların rəhbər orqanlarda, dövləti vəzifələrdə çalışmasına imkan verməməlidir. Əgər bir cəmiyyət əxlaqı yüngül insanların siyasi hakimiyyətdə güclənməsinə imkan yaratsa, o toplumda gec-tez mənəvi deqredasiya başlayacaq. Bu artıq Azərbaycanda müşahidə olunur. Odur ki, BİZ insanları həyata etik pəncərədən baxmağa təşviq etməliyik. Bu yolla insanların əxlaqi şüurunu inkişaf etdirə və demokratik cəmiyyətdə firavan yaşaya bilərik.
Qubad İbadoğlu