Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
Çoxmənzilli binaların idarə edilməsində problemlər mövcuddur. Əksər binalarda sakinlərin özlərinin yaratmalı olduqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMC) mövcud deyil. Hətta ara-sıra binaları elə MTK-ların özlərinin idarə etdiyi bildirilir.
Ötən il Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Qərara əsasən, artıq çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı, kirayəçilər də iştirak edə bilirlər.
Bəs sakinlərin özünün hələ də tənzimləyə bilmədiyi prosesdə kirayəçilər necə iştirak edə bilirlər?
Mövzu barədə Bizim.media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, burada məsuliyyət kirayəçinin üzərinə düşür:
“Kirayəçilərin məsuliyyətini əvvəllər mülkiyyət sahibləri daşıyırdılar. Yəni istənilən bir əməlinin məsuliyyəti mülkiyyət sahibinin üzərində idi. İndi qanunda olan dəyişikliyə əsasən, məsuliyyət kirayəçinin üstünə düşüb. İdarəetmə qaydaları necə qəbul olunubsa, icarəçi də həmin qaydalara riayət etməli olacaq.
Qalan işlər isə mülkiyyət sahibinin etibarnaməsi ilə ola bilər. Əgər ona etibar edə bilirsə, bu da əks oluna bilər. Bu, hər iki tərəf üçün müsbət haldır”.
O bildirib ki, bu, kirayə müqaviləsi əsasında mümkündür:
“Kirayəçi xidmət haqqını mülkiyyətçinin əvəzinə ödəyə bilər. Bu da yəqin ki, kirayə müqaviləsində öz əksini tapa bilər. Burada qeydiyyat məsələsi var. Burada kirayə müqaviləsi olmalıdır, müqavilə əsasında kirayəçinin həmin mənzilə qeydiyyata düşmək hüququ var”.